Hörmüzdə tankerlər partlayıb

SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüzdə “icazəsiz marşrutla” boğazı keçməyə çalışan iki tankerin saxlanıldığını, güclü partlayışlardan sonra onların üzərində yanğın başladığını bildirib. Bu barədə İranın “Təsnim” agentliyinə istinadla “İnterfaks” xəbər verir.

SEPAH-ın iddiasına görə, gəmilər naviqasiya sistemləri söndürülmüş halda hərəkət edib, onlardan biri, supertanker minaya düşüb, digəri isə “Amerika qırıcılarının himayəsi altında” boğazı keçməyə çalışıb. Hadisə boğazın cənub sahilində baş verib. SEPAH dəfələrlə Omana yaxın cənub marşrutunun təhlükəli olduğunu və boğazın tam onun nəzarəti altında qaldığını bildirib.

Eyni gün İran dövlət mediası SEPAH-ın yeni yeraltı raket bazasının görüntülərini yayıb. “Iran International”ın yazdığına görə, görüntülərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi və SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi kompleksi gəzir. Bazanın yeri və ziyarətin vaxtı bildirilməyib. Abdullahi deyib ki, düşmən yeni addım atarsa, İranın cavabı regiondan kənara çıxacaq.

Bu açıqlamalar ABŞ prezidenti Donald Trampın İran müharibəsini hərbi baxımdan bitmiş saydığını və yeni zərbələrin “çox az ehtimal” olduğunu deməsindən bir gün sonraya düşür. SEPAH sözçüsü Hüseyn Möhibbi şənbə günü raket istehsalının bir hissəsinin hava zərbələrindən qorunmaq üçün yeraltına köçürüldüyünü bildirmişdi.

Leave A Reply