Teymur Rəcəbov, arxiv foto

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçında ermənistanlı şahmatçı Levon Aronyanla mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5).

Turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran azərbaycanlı şahmatçı dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Bazar günü Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.

Mənbə:Azadlıq Radiosu

Leave A Reply