ABŞ-İran müharibəsi
“Axios”-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp noyabrın 5-də milli təhlükəsizlik komandası ilə ara seçkilərdən sonra ilk dəfə İran məsələsini müzakirə edib. Görüş həftəlik kəşfiyyat brifinqi çərçivəsində keçib. Daha əvvəl Trampın üç variantı - yeni zərbələr, iqtisadi təzyiqin davamı və ya saziş - nəzərdən keçirdiyi bildirilirdi. ABŞ və İsrail İrana qarşı müharibəyə fevralın 28-də başlayıb.
Müşavirədən sonra Tramp jurnalistlərə deyib ki, indi qərar veriləcək: o, mümkünsə İranın qalan hissəsini dağıtmamağı üstün tutur, amma bəlkə də bunu etməli olacaq. Al Jazeera-nın yazdığına görə, o, qərarı “tezliklə biləcəksiniz” deyə əlavə edib. Azadlıq Radiosunun yazdığına görə, o, ABŞ-nin müharibədə qalib gəldiyini və Tehranın saziş istədiyini də təkrarlayıb: “Bu, baş verə bilər”. “Axios”-un mənbələrinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Vaşinqtondan yeni göstəriş almasa da, İranda geniş döyüş əməliyyatlarının bərpasına hazırlığı yekunlaşdırır.
“Reuters”-ə danışan yüksək vəzifəli İran rəsmisi isə Tehranın Qətər vasitəsilə ABŞ-yə nüvə proqramı ilə bağlı təklif göndərdiyini deyib. Onun sözlərinə görə, İran təklifi yalnız Vaşinqton yeddi tələbi yerinə yetirəndən sonra müzakirə etməyə hazırdır. ABŞ tərəfi sənədi öyrənir, rəsmi təklifin təfərrüatlarını deməyib. Al Jazeera-nın yazdığına görə, Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə də telefonla danışıb, əmir regionu yeni gərginlikdən qorumaq üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Fox News” isə İran münaqişəsi barədə müzakirələrdən xəbərdar olan yüksək vəzifəli rəsmilərə istinadla yazıb ki, ABŞ zərbələri noyabrın 9-da bərpa etməyi nəzərdən keçirir. Kanalın mənbələrinə görə, həmin gün Yaxın Şərqdə yeni ay olacaq və demək olar ki, ay işığı olmayacaq, bu da hərbi əməliyyat üçün əlverişli şərait sayılır. Mənbələr Ağ Evdə noyabrın 4-5-də zərbələrin bərpa edilib-edilməməsinin müzakirə olunduğunu deyib.
İraqın Baş naziri Əli əz-Zeydi də Trampla telefonla danışıb. Onun ofisinin açıqlamasına görə, Bağdad öz ərazisinin qonşu ölkələrə hücum üçün istifadə olunmasına icazə verməyəcək. İraqın xarici işlər naziri Fuad Hüseyn isə İrana qarşı yeni müharibənin İraq üçün “fəlakət” olacağını deyib və ölkədəki silahlı qrupları İranın mümkün cavab zərbələrinə qoşulmamağa çağırıb.
Gərginlik fonunda Londonun ICE birjasında Brent neftinin yanvar müqaviləsinin qiyməti 2,36% artaraq bir barel üçün 100,61 dollara çatıb. Bu, gəlirinin böyük hissəsi neftdən asılı olan Azərbaycan büdcəsi üçün də vacib göstəricidir.


