Rusiya-Ukrayna danışıqları
ABŞ prezidenti Donald Tramp noyabrın 5-də Ağ Evdə Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşüb. Tramp nə danışdıqlarını açıqlamayıb, amma Oval Ofisdə jurnalistlərə deyib: “Saziş olacaq. Bu, böyük saziş olacaq və Ukraynadan daha çox şeyi əhatə edəcək”.
Al Jazeera nəşrinin yazdığına görə, Tramp sazişin “bütün Avropanı” əhatə edə biləcəyini də deyib. O, həmin gün Ukrayna nümayəndə heyəti ilə görüşmədiyini bildirib.
Kirill Dmitriyev birinci xanım Melaniya Trampın təşəbbüsü ilə Ağ Evdə keçirilən görüşdə də iştirak edib. Görüş oktyabrda Xerson vilayətinin Oleşki şəhərində Melaniya Trampın vasitəçiliyi ilə əldə olunan 6 günlük yerli atəşkəsə həsr olunmuşdu. Həmin atəşkəs zamanı Rusiya qoşunlarının nəzarətində olan şəhərdən təxminən 800 mülki şəxs təxliyə edilib.
Trampın elçisi Cared Kuşner isə Brüsseldə Ukrayna, NATO və Avropa tərəfdaşları ilə danışıqlardan sonra X-də Avropa üçün daha geniş təhlükəsizlik çərçivəsini təqdim edib. Onun yazdığına görə, plan daimi təhlükəsizlik məsləhətləşmələrini, böhran vaxtı etibarlı rabitəni, hərbi məsələlərdə daha çox şəffaflığı və gərginliyin artması riskini azaldan qarşılıqlı addımları əhatə edir. Kuşner hər ölkənin öz ittifaqlarını seçmək hüququnu saxlayacağını, “heç bir ölkənin başqasının suveren seçiminə veto hüququ olmayacağını” və NATO-nun Avropanın kollektiv müdafiəsinin mərkəzində qalacağını yazıb. O, Rusiyanın da sülh danışıqlarına cəlb olunacağını əlavə edib.
Azadlıq Radiosuna danışan Saratoga Fondunun prezidenti, Rusiya üzrə strateq Qlen Hovard isə “daha geniş Avropa təhlükəsizlik arxitekturası” ifadəsinin narahatlıq doğurduğunu deyib. O, Kremlin müşaviri Yuri Uşakovun NATO-nun 1997-ci ildən əvvəlki mövqelərinə qayıtması çağırışını xatırladıb: “Nə vaxtdan Rusiya NATO-nun gələcəyi və şərq cinahının geri çəkilməsi barədə söz sahibi olub?”. Rusiya, Ukrayna və ABŞ noyabrın 10-11-də Əbu-Dabidə üçtərəfli danışıqlar aparacaq.


