Türkiyə lirəsi ABŞ dollarına nisbətdə, az qala, hər saat dəyərini itirir. Hələ bir həftə öncə 10.0610 lirəyə bərabər olan ABŞ dolları bu gün – noyabrın 22-də 11.25 TL-yə yüksəlib.

İqtisadi çətinliklər şəraitində yaşayan əhalinin əsas müzakirə mövzusu da ölkənin gələcəyi, hətta yaxın gələcəyi ilə bağlı narahatlıqlardır.

Elə bir gün olmur ki, əhali ərzaqdan tutmuş yanacağa qədər yeni qiymətlərin şahidi olmasın.

Alver ölüb

Ankaradakı yaşayış məhəllələrindən birində mini market sahibi olan Onur Aksoy deyir ki, hər gün kiçik mağazasında qiymət etiketlərini dəyişdirməkdən “cana doyub”.

Son iki illik ticarətini müqayisə edərkən Onur Aksoy əvvəllər dükanında POS cihazı ilə “uzağı 200 (30AZN-red.) lirəlik alver olduğunu” xatırlayır.

“Əvvəllər insanların cibində nəğd pulu olurdu. Ona görə də kartla uzağı 200 lirəlik iş görərdik. Bu, gözəl idi. İndi isə 800, 1000, hətta 1500 lirəyə qədər çıxır bu rəqəm. İnsanlar kredit kartlarına yükləniblər. Bu isə o deməkdir ki, insanlar gündəlik tələbatlarını banklara borclanaraq təmin edirlər. Bəzən elə olur ki, müştəri iki çörək alır, 3 lirə 50 quruşu kredit kartından çəkdirir. Keçən il aylıq 1300 lirə olan elektrik haqqı ödəməm indi 1800 lirə olub”, Onur Aksoy deyir.

Foto: GETTY IMAGES

Türkiyə, Cümhuriyyət tarixi boyunca bir neçə iqtisadi böhran yaşayıb. Bu böhranlar qlobal və daxili iqtisadi-siyasi səbəblərdən qaynaqlanıb.

Hazırkı valyuta böhranının səbəblərinə gəlincə, siyasi və iqtisadi ekspertlər bunu dövlətin bank-maliyyə strukturlarının prezident Recep Tayyip Erdoğanın təzyiqlərinə tab gətirməməsinə bağlayırlar.

Ölkənin bank-maliyyə sektorunun təmsilçiləri, faiz dərəcələrini yüksəltməklə böhranın həllinə inandıqları halda, prezident Erdoğan buna qarşı birmənalı mövqe ortaya qoyub. Prezident Erdoğan, ötən həftə hakim Ədalət və İnkişaf Partiyasının parlament qrup toplantısında çıxışı zamanı “Birlikdə addımladığımız yoldaşlarımızdan, faizi müdafiə edənlər inciməsinlər. Mən faizi müdafiə edənlərlə bərabər ola bilmərəm, olmaram”, deyib.

O, deputatlara xitabən “bu vəzifədə olduğum müddətdə faizlə mübarizəmi sonuna qədər davam etdirəcəyəm. İnflyasiya ilə mübarizəmi də davam etdirəcəyəm”, deyib.

Belə görünür ki, iqtisadi geriləmə vəziyyətindən çıxmaqla bağlı hakimiyyətin iqtisadiyyat qolları arasında fikir ayrılığı mövcuddur.

Belə ki, Xəzinə və maliyyə naziri Lütfi Elvanın, digər deputatlardan fərqli olaraq prezident Erdoğanın çıxışını alqışlamaması diqqəti çəkib.

Nazir Elvandan fərqli olaraq Türkiyə Mərkəzi Bankı böhran idarəçiliyində prezident Erdoğanın mövqeyini dəstəkləyib və üçüncü dəfə faiz dərəcələrini endirib. Bu isə əvvəlki dövrlərdə faiz endirimi tələb edən, ancaq hazırda yaşanan valyuta böhranı ilə bağlı borc yükü və maliyyətləri rekord səviyyəsində artan iş dünyasında etirazla qarşılanıb.

İdarəçiliyə inamsızlıq

Foto: GETTY IMAGES

Prezident Erdoğan faiz endiriminin investisiyalara yol açacağını iddia etsə də, şirkətlər yatırım qoymaq bir yana, 2022-ci ildə baş verəcək yeni itkilərin öhdəsindən gələ bilməyəcəklərindən narahatdırlar.

İqtisadi ekspertlər, hökumətin iqtisadi qərarlar deyil, siyasi qərarlarla böhrandan çıxmaq istədiyinə diqqət çəkirlər.

Nizamettin Taşbağ İzmirin iş adamlarındandır. Ortağı olduğu şirkət xarici ticarət, inşaat, turizm, qida və sənaye sektorunda fəaliyyət göstərir.

“Bir şeyi satdığımıza sevinirkən, yerinə yenisini almaq istədiyimizdə görürük ki, bahalaşıb. Satdığımızın yerinə yenisini qoya bilmirik, gücümüz çatmır”, deyir Nizamettin Taşbağ.

İş adamı, dövlət idarəçiliyində “siyasi sədaqət”ə önəm verilməsi, məhkəmə və hüququn fərdlərə görə qərar verməsi ilə problemlərə göz yumulduğunu, “pislərin yaxşı göstərildiyini” düşünür.

“Vəziyyəti müsbət görmək üçün dövlətin idarəçilərinə inam olmalıdır. İdarəçilər göz yumsalar da, bunu sərmayəçi görür. Bütün bunlar sərmayəçilərin ölkədən getməsinə səbəb olur”, deyir iş adamı.

Cənab Taşbağ gələcəklə bağlı “müsbət bir şey görə bilmədiyini” qeyd edir.

“Böhrana görə tək məsuliyyət daşıyan ölkə prezidentidir. Çünki Türkiyədə iqtisadi idarəçilik yoxdur. Onun Mərkəzi Banka müdaxiləsi də göstərdi ki, iqtisadiyyatla bağlı hər bir qərarı özü verir”, iqtisadiyyat üzrə professor Esfender Korkmaz hazırkı iqtisadi böhran vəziyyətini BBC News Azərbaycancaya şərh edəkən deyib.

Onun sözlərinə görə, “Tək adam” idarəçiliyi və Avropa Birliyi ilə əlaqələrin zəifləməsi Türkiyənin ölkə riskini artırıb. “İqtisadiyyatda nə etsək də, institusional infrastruktur pozulduğu üçün çıxış yolu yoxdur. İnstitusional inftastrktur demokratiya, hüquq, təhsil, dövlət və dindən ibarətdir. Bənzətmə edərsək, soba yanmazsa, su qızmaz”, ekspert əlavə edib.

”İqtisadi depressiya”

Foto: GETTY IMAGES/SOPA IMAGES

Ölkənin içində olduğu iqtisadi böhran, müxalifət partiyalarının hərəkətliliyini artırıb. Ana müxalifət Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu, “Qara Qışla Mübarizə Hərəkatı” çərçivəsində qida sektorunun hissədarları ilə görüşüb.

CHP lideri hissədarları, yoxsulluq həddinin altında yaşayan insanları düşünərək minimum əmək haqqı gəlirinin altında yaşayan insanlar üçün qış boyunca “qidaya çıxış imkanlarını təmin etməyə” səsləyib.

O, un, yağ, süd, bulqur, makaron, mərcimək, yumurta, pendir, duz kimi 10 təməl qida məhsuluna inflyasiya artımını yansıtmamağa, bununla yoxsulluq altında olan insanlar üçün qarşıdakı qış ərzində əsas ərzaq məhsullarının əlçatan olmasına səsləyib.

Ana müxalifət ölkədəki hazırki durumu “iqtisadi depressiya” kimi səciyyələndirib.

“Yanlış tərcihlər və siyasətlər Türkiyədə iqtisadiyyatı alt-üst edib, iqtisadi böhran ortamı yaranıb. Bu böhran çox uzandığı üçün də biz artıq buna iqtisadi depressiya dönəmi deyirik. Türkiyə bu hökumətin əlində bir iqtisadi depressiya dövrü yaşayır”, CHP-nin iqtisadiyyat masasının təmsilcisi Abdüllatif Şener BBC News Azərbaycancaya müsahibəsində ölkənin iqtisadi vəziyyətini dəyərləndirib.

Cənab Şener, iyirmi il öncə hakim Ədalət və İnkişaf Partiyası hökumətinin Baş nazir müavini olsa da, sonradan istefa verib və on bir il sonra ana müxalifət CHP-dən parlamentə seçilib. O hazırda parlamentin Plan-Büdcə Komissiyasında təmsil olunur.

Abdüllatif Şener deyir ki, pandemiya şərtlərində iqtidarın həm pul siyasəti, həm də maliyyə siyasəti “yanlış olub”.

“Yanlış idarəetmə səbəbindən hazırda pandemiya tədbirləri uzun müddətdir tətbiq olunmasa da, “iqtisadi depressiya” davam etməkdədir. Bu ortamdan nə zaman çıxılır soruşularsa, o qədər pis tərcihlər edirlər ki…Bu hökumətin varlığı davam etdiyi müddətdə Türkiyənin iqtisadiyyatının yaxşılaşacağına inanmayanlardanam”, ana müxalifətin parlament təmsilçisi deyir.

Onun sözlərinə əsasən, böhrandan çıxmaq üçün hazırkı iqtidar “dəyişməli və iş başından getməlidir”.

“Tərcihləri fərqli olan yeni qurumlarla, yeni qaydalarla, yeni kadrlarla iş başına gələcək yeni hökumətə ehtiyac var. Millət İttifaqına daxil olan CHP, İyi Parti, Seadet, Demokrat, eləcə də DEVA, Gələcək və digər partiyaların yaradacağı və yaxşı bir prezidentlə birlikdə reallaşdıracaqları hökumət, Türkiyədəki şərtləri dəyişdirəcək. Onsuz da bu dəyişim yaşandığı andan etibarən Türkiyədə həm daxili bazarda, həm də xarici ölkələrdəki qavrayışlar, ölkənin iqtisadi aktyorları (qərarvericiləri) dəyişəcəkdir”, CHP təmsilçisi əlavə edib.

Böhran ”tək Türkiyədə deyil”

Səslənən sərt tənqidlərə baxmayaraq, AK parti hökuməti ölkəni bu iqtisadi böhrandan çıxarmağa “qadir olduğunu” bəyan edir.

Hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi Şamil Ayrım, dar gəlirli vətəndaşların standartlarını təkrar yüksəltməyin “iqtidarlarının əsas siyasəti olduğunu” bəyan edib.

“Burada önəmli olan az gəlirli vətəndaşlarımızın standartlarını yenidən yüksəltməkdir. Çünki qiymət artımları onları çox ciddi çətinliyə düçar etdi”, iqtidar təmsilçisi bildirib.

Foto: REUTERS

BBC News Azərbaycancaya müsahibəsində AKP parlament üzvü Şamil Ayrım deyib ki, ölkənin iqtisadi böhran vəziyyəti dünya iqtisadiyyatında gedən proseslərlə əlaqəlidir.

“Böhran sadəcə Türkiyədə deyil”, deyir AKP-li deputat.

Onun sözlərinə əsasən, 2019-cu ilin əvvəli ilə müqayisədə indi neft və qaz qiymətlərində görünən nəhəng artışlar Türkiyə iqtisadiyyatına təsir edib:

“Pandemiyadan əvvəl dünyada neftin bareli 45 dollar olduğu halda, indi 90 dollara yaxındır. Təbii qazın qiymətində çox böyük artışlar var -iki il əvvəl kub metri təxminən 300-400 dollar olan təbii qazın qiyməti, bu gün spot bazarda 1200 dollara çıxıb. Türkiyənin ən böyük idxalı qaz və neftdir. Bunlar idxal əməliyyatlarımıza çox böyük təsir edir – yük daşımacılığı qiymətlərində artışlar oldu. Çindən, Uzaq Şərqdən gələn malların qiymətləri daşımalar səbəbi ilə çox artdı. Dünya iqtisadiyyatındakı bu yüksəlişlər, təbii olaraq, Türkiyəyə də təsir etdi”, ölkənin iqtisadi böhran durumunu dəyərləndirərkən AK parti rəsmisi deyib.

Şamil Ayrım müxalifətin ölkədə iqtidar dəyişikliyinin labüdlüyü ilə bağlı çağırışlarına xitabən bunları deyib: “Biz bunları da ən yaxşı şəkildə aradan qadırıb, iqtisadi sıxıntıdan zərər görən vətəndaşlarımızın rifah səviyyəsini yüksəldəcəyik. Biz bunu edəcək gücdəyik. Biz bunu edəcək təcrübədəyik. Biz bunu edəcək kadrlara sahibik”.

Lakin bununla belə, iqtidar təmsilçisi dollar yüksəlişində geriyə dönüş və ya düşüş olacağına “inanmadığını” deyib.

“Bu, dünyadakı balanslarla da bağlı vəziyyətdir…Vəziyyətin nəzarət altına alınması üçün ciddi tədbirlər həyata keçirilir. İqtisadiyyatı yoluna qoymaq təkbaşına Türkiyənin işi deyil. Ölkə daxilində balansı qoruyacağıq, amma xaricdəki təsirləri Türkiyənin daxilinə əks etdirməmək üçün çox az gücümüz var. Önəmli olan bu çətinlikləri sürətlə geridə qoya bilməmizdir”, Şamil Ayrım əlavə edib.

Gənclər pessimistdir

“İki universitet məzunu olarak gələcəyimlə bağlı qayğılı və pessimistəm”.

Bunu deyən Banu adlı gənc qız 26 yaşındadır. Banunun sözlərini Türkiyədə yaşayan bir çox gəncin hisslərinin ifadəsi də saymaq olar. Banunun vəziyyətində olan gənclər az deyil.

İş tapmaq məcburiyyətində qalan gənclər bir çox hallarda, onara təklif edilən sosial sığortasız işləri qəbul etmək məcburiyyətində qalırlar.

“Ədliyyə Nazirliyi Adıyaman vilayətində yerləşən strukturlarında işləmək məqsədi ilə “xadimə” vəzifəsinə verdiyi işəqəbul elanına müraciət edənlərdən 1143-ü üniversitet məzunu olub”, Adıyaman deputatı Abdurrahman Tutdere parlamentin mart sessiyasında bildirmişdi.

Foto: NURPHOTO

“Mövcud iş yerləri də ya peşənizə uyğun deyil, ya da aldığınız iş təklifləri az maaşlı olur. Gənclər olaraq işsizliyin və inflyasiyanın bu qədər yüksək olduğu, iqtisadi böhranın iliklərimizə qədər hiss olunduğu bir ölkədə etik olmayan müsahibələrlə nə vaxt iş tapa biləcəyimizi həqiqətən bilmirik. Anlayacağınız, layiqlilik deyil, nepotizm və subyektiv dəstək işə başlamaqda əsasdır”, iki universitet diplomuna sahib Banu BBC News Azərbaycancaya kədərlə danışıb.

İş tapmaqda ümidli olan Banu, tənqidi mövqeyinin gələcəkdə iş müsahibəsinə problem yarada biəcəyi qorxusu ilə müsahibədə kimlik adını açıqlamaqdan ehtiyat edir.

Türkiyə Statistika Təşkilatının göstəricilərinə əsasən, 2020-ci ildə 83 milyon 614 min 362 nəfərlik ölkə əhalisinin 15,4 faizini gənclər təşkil edib.

Həmin mənbəyə əsasən, ötən il özünü “xoşbəxt sayan” gənclərin sayı 2019-cu illə (56.7%) nisbətdə 17 faiz azalaraq 47.2 təşkil edib.

Türkiyədə hazırkı iqtisadi eniş özündən əvvəlkilərdə olduğu kimi iqtidar dəyişikliklərinəmi yol açacaq, yoxsa hazırki iqtidarın hakimiyyətinin davam edəcəyi bir şəkildəmi həll olunacaq – bunu indidən söyləmək çətindir. Hələlik isə Türkiyə lirəsi dəyərini itirməkdə, bahalaşma artmaqda, insanlar maliyyə vəziyyətlərinin çətinləşməsində şikayətlənməkdə davam edir.

Mənbə: BBC Azərbaycan

Leave A Reply