Türkiyə
İstanbul Baş Prokurorluğunun çirkli pulların yuyulması iddiası ilə apardığı istintaqda daha 11 nəfər saxlanılıb. BBC Türkçe-nin yazdığına görə, onların arasında Şişli Peşə Ali Məktəbinin rəhbərləri, müəllimləri, mühasibat və inzibati işçiləri var. Məktəbə qəyyum təyin olunub.
İstintaq oktyabrın 16-da Türkiyədə və xaricdə qurulmuş şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan böyük məbləğdə pulun yuyulduğu iddiası ilə başlayıb. İlk mərhələdə Erzincan deputatı Mustafa Sarıgülün oğulları Ömər və Emir Sarıgül, keçmiş həyat yoldaşı Aylin Kotil və jurnalist Murat Ağırel daxil olmaqla 15 nəfər həbs edilib. Emir Sarıgül sonra ev dustaqlığına buraxılıb. Deputat toxunulmazlığı olan Mustafa Sarıgülə dair iddialar ayrıca baxılmaq üçün Ankara prokurorluğuna göndərilib, partiyası onunla əlaqəsinin qalmadığını açıqlayıb.
Murat Ağırel “üzvü olmadığı təşkilata yardım etmək” ittihamı ilə həbs edilib. O, ittihamı rədd edərək deyib: “Ömər Sarıgül və Mustafa Sarıgül əleyhinə xəbər hazırlamış, onların qeyri-qanuni mərc istintaqları ilə bağlantılarını üzə çıxarmış jurnalistəm”. Mustafa Sarıgül də açıqlamasında Ağırelin adının bu istintaqa qarışdırılmasından və həbsindən “son dərəcə kədərləndiyini” bildirib.


