Aİ genişlənməsi
Avropa İttifaqının son genişlənmə sənədləri “strateji uyğunluq” şərtinin üzvlük üçün getdikcə önə çıxdığını göstərir. BBC Türkçe yazır ki, bu, Türkiyənin Aİ-yə üzvlüyü qarşısında yeni maneəyə çevrilə bilər.
Namizəd ölkənin Aİ-nin Ortaq Xarici və Təhlükəsizlik Siyasətinə uyğunluğu sadə üsulla ölçülür: ölkənin Aİ-nin ali nümayəndəsinin birlik adından verdiyi bəyanatlara və Aİ sanksiyalarına qoşulub-qoşulmaması. Ali nümayəndə Kaya Kallas noyabrın 4-də deyib: “Bu, sadəcə prosedur deyil. Əsas məsələ odur ki, qarşılaşdığımız təhdidlərə dünyaya bizim kimi baxırsınızmı?”. Namizəd ölkələrin diplomatlarının sözlərinə görə, Aİ rəsmiləri görüşlərdə “ya bizimləsiniz, ya da başqaları ilə” fikrini daha açıq deyirlər.
Avropa Komissiyasının məlumatına görə, danışıqların ilk illərində 80%-ə yaxın olan Türkiyənin uyğunluq səviyyəsi indi 4%-dir, bu, namizəd ölkələr arasında ən aşağı göstəricidir. Komissiyanın son Türkiyə hesabatında deyilir ki, Ankara Aİ-yə üzvlük hədəfini bəyan etsə də, uyğunluğu artırmaq üçün heç bir səy göstərməyib. Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo və Şimali Makedoniyanın göstəricisi 100%, Ukraynanınkı 99%-dir. Son illər insan hüquqları və demokratiya sahəsində ciddi problemlər yaşayan Serbiya (63%) və Gürcüstan (38%) siyahının sonundakı üç ölkə arasındadır.
BBC Türkçe-yə danışan Aİ rəsmisi deyib ki, Türkiyə əvvəlcə PKK-nın Aİ-nin terror siyahısına salınması üçün çox çalışırdı və siyahının yenilənməsinə qoşulurdu, sonra bunu da etməyib. Yazıya görə, Aİ mərhələli inteqrasiyanı, iqtisadi təhlükəsizlik çərçivəsini və proqramlara qoşulmanı da strateji uyğunluqdan asılı etmək istəyir. Bu, Türkiyənin gömrük ittifaqının yenilənməsi və “Made in EU” qaydaları kimi gözləntilərinə təsir edə bilər. Bir namizəd ölkənin diplomatı isə deyib ki, rəsmi uyğunluq səviyyəsinin aşağı olması ölkənin Aİ-nin təhlükəsizliyinə töhfə vermədiyi anlamına gəlmir.


