Meydan TV Rusiyanın Ukraynaya müdaxiləsinin 33-cü günündə baş verən hadisələrin qısa xülasəsini hazırlayıb.
“Oskar”ın təqdimatında Ukraynada həlak olanlar bir dəqiqəlik sukutla yad olunub
Los-Ancelesdə “Oskar” kino mükafatının təqdimatında Ukraynadakı hərbi münaqişə ilə əlaqədar bir dəqiqəlik sükut elan edilib.
Mərasimin yarısında yayım kəsilib, ekrana Ukrayna xalqına dəstək şüarı gəlib.
“Bir dəqiqəlik sükut elan etməklə, öz sərhədləri daxilində işğala, münqaişəyə məruz qalmış Ukrayna xalqına dəstəyimizi nümayiş etdirmək istəyirik. Kino – münaqişə dövründə humanistliyimizi ifadə etmək üçün vacib bir yoldur. Lakin reallıq budur ki, Ukraynada milyonlarla ailənin qidaya, təmiz suya və tibbi yardıma ehtiyacı var. Resurslar azdır. Biz birlikdə böyük işlər görə bilərik. Sizdən Ukraynaya bacardığınız qədər dəstək verməyinizi xahiş edirik”, – şüarda qeyd olunub.
Eyni elan mərasimin keçirildiyi “Dolby” teatrının ekranlarında da görünüb.
Ardınca ekranlara Ukraynada insanların ehtiyacı olan vacib əşyaların siyahısı gəlib.
Tədbir zamanı Rusiyanın Ukraynaya hərbi əməliyyatı ilə bağlı hər hansı fikir səsləndirilməyib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin “Oskar”ın təqdimatında hərbi münaqişə ilə əlaqədar video-müraciət etmək istəməyi ilə əlaqədar Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası ilə danışıqlar apardığı bildirilir.
Akademiya məlumatla bağlı şərh verməkdən imtina edib.
Ukraynada hər gün 1 dəqiqəlik sükut keçiriləcək
Martın 28-də Ukraynada Rusiyanın hərbi təcavüzü nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski 143/2022 saylı fərman imzalayıb.
Fərman martın 16-dan qüvvəyə minib.
Fərmana əsasən, hər gün səhər saat 9:00-da sükut dəqiqəsi keçiriləcək: “Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsi istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmuş əsgərlərin, mülki şəxslərin xatirəsi, vətəndaş cəsarəti və fədakarlığı, mətanəti və qəhrəmanlıqları ehtiramla yad ediləcək”.
“143 uşaq ölüb, 216 nəfər yaralanıb”
“Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 143 uşaq ölüb, 216 uşaq yaralanıb”.
Bunu Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova “Telegram” kanalında yayıb.
Rusiya Ukraynanın 5 təyyarəsini vurub
Rusiya aviasiyası son sutkada Ukraynanın 36 hərbi obyektini vurub.
Bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
General-mayor əlavə edib ki, Rusiya əməliyyat-taktiki aviasiya və raket qüvvələri Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 ərazini məhv edib.
Onun sözlərinə görə, Rusiya aviasiya və hava hücumundan müdafiə qüvvələri dünən Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 təyyarəni vurub.
Ukrayna Baş Qərargahı: təxminən 17 min Rusiya əsgəri öldürülüb
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə başlayandan Rusiyanın itkilərinin 17 min nəfər olduğu barədə məlumat yayıb.
Baş Qərargah 123 təyyarənin, 127 helikopterin, 54 hava hücumundan müdafiə sisteminin, 586 tankının, 1694 zirehli döyüş maşınının məhv edildiyini bildirib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Mənbə: Meydan TV