“Fevralın 24-dən indiyədək 3.5 milyondan çox dinc sakin Ukraynanı tərk edib”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Polşadakı nümayəndəsi Paloma Kuçi deyib.
Ukrayna daxilində evlərini tərk etmək məcburiyyətində qalanların sayı isə 6.5 milyondur.
“Polşa artıq 2 milyondan çox insanı qəbul edib. Bu, bütün qaçqınların təxminən 61%-ni təşkil edir. Qaçqınların təxminən üçdə ikisi Polşada, öz evlərinə yaxın qalmaq istəyir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Polşadakı 500 minə yaxın ukraynalı qaçqının psixoloji yardıma ehtiyacı var.
ÜST nümayəndəsi qeyd edib ki, təşkilat Ukraynada vəziyyətin pisləşəcəyi təqdirdə qaçqınların sayının kəskin artmasına cavab vermək imkanlarını nəzərdən keçirir.
Peskov: “Rusların 75%-dən çoxu hərbi əməliyyatları dəstəkləyir”
“Rusların 75%-dən çoxu Ukraynadakı hərbi əməliyyatları və Prezident Vladimir Putinin atdığı addımları dəstəkləyir”.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində belə deyib.
“Kreml rusların böyük əksəriyyətinin Ukraynadakı hərbi əməliyyatı və Vladimir Putinin addımlarını dəstəklədiyini tamamilə təkzibedilməz fakt hesab edir. Bununla razılaşmayanlara hərbi əməliyyatların məqsədi və səbəbləri izah edilir”, – Peskov əlavə edib.
Muratov Nobel medalını ukraynalı qaçqınlara bağışlayır
Rusiyanın müstəqil qəzeti – “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını hərraca çıxarıb.
O, hərracdan əldə onunan gəliri Ukrayna Qaçqınlar Fonduna bağışlayacaq.
“Ukrayna qaçqınlarının sayı artıq 10 milyondan çoxdur”, – deyə Muratov medalın satılması üçün hərrac evlərindən yardım istəyib.
Baş redaktor həmçinin tərəfləri döyüşləri dayandırmağa, əsirləri dəyişdirməyə, həlak olanların cəsədlərini qaytarmağa, humanitar dəhlizlərin açılmasına, qaçqınlara yardım edilməsinə səsləyib.
Dmitri Muratov Nobel Sülh Mükafatını 2021-ci ildə “ifadə azadlığını qorumaq cəhdlərinə görə” alıb.