Mənbə: Meydan TV
Zelenski: “Ruslar geri çəkilərkən evlərə və cəsədlərin ətrafına mina qoyurlar”
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 2-də televiziya vasitəsilə xalqa müraciət edib.
O deyib ki, ruslar geri çəkilərkən evlərə və cəsədlərin ətrafına mina qoyurlar. Bu baxımdan ehtiyatlı olmaq lazımdır:
“Geri çəkilən Rusiya qüvvələri paytaxt Kiyevdən kənarda “bütün əraziyə”, o cümlədən evlərin və meyitlərin ətrafına mina qoyaraq “tam bir fəlakət” yaradır”.
Zelenski bildirib ki, rus qoşunları Kiyev ətrafından və şimaldakı Çerniqov şəhərindən yavaş-yavaş, lakin nəzərə çarpacaq şəkildə geri çəkilir.
Zelenski: “Rusiya yeni zərbələrə, biz də müdafiəyə hazırlaşırıq”
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın öz qüvvələrini Kiyev vilayətindəki işğal olunmuş ərazilərdən çıxarmaqda davam etdirdiyini bildirib.
Baş Qərargah əlavə edib ki, Rusiyanın məcburi geri çəkilməsi Şərqdəki hərbi əməliyyatları gücləndirmək üçün qüvvələrin yenidən qruplaşdırılması məqsədi daşıyır.
Məlumatda Ukrayna hərbçilərinin nəzarətinə keçən yaşayış məntəqələrinə ciddi ziyan dəydiyi qeyd olunub:
“Dağılmış evlər və infrastrukturla bağlı yeni sübutlar var”.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın şərqində vəziyyətin ağır olğunu bildirib:
“Rusiya hərbçilərini Donbasa, Xarkov istiqamətinə aparır və növbəti zərbələrə hazırlaşırlar. Biz də fəal müdafiəyə hazırlaşırıq”.
Rusiya MN: “Ukraynanın hərbi aerodromları sıradan çıxarılıb”
Rusiya silahlı qüvvələri Ukraynanın Poltava və Dneprin hərbi aerodromlarını sıradan çıxarıb.
Bu barədə aprelin 2-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.
Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Sumı şəhəri və Urojaynoe qəsəbəsi yaxınlığında iki Ukrayna Mi-24 helikopterini vurub:
“Bundan əlavə, Ukraynaya məxsus 24 pilotsuz uçuş aparatı məhv edilib”.
“İtaliyada rusların 900 milyon avroluq aktivləri dondurulub”
İtaliya Avropa İttifaqının (Aİ) sanksiyaları çərçivəsində rusiyalıların 900 milyon avroluq aktivlərini müsadirə edib.
Bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio deyib.
“İndiyə qədər ümumi məbləği 900 milyon avrodan danışa bilərik. Biz tez və ardıcıl hərəkət etdik və bunu etməyə davam edəcəyik”,-deyən Di Maio, Romanın sanksiyalarla bağlı öhdəliklərinə ciddi şəkildə riayət etdiyini qeyd etdi.
Oxşar addımları Niderland da atıb. Niderlandda rusların dondurulmuş aktivlərinin həcmi artaraq 516 milyon avroya çatıb. Eyni zamanda, ruslara məxsus 55 milyon avro Latviya banklarında dondurulub.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.