Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Cənubi Qafqaza səfər edib. O, əvvəlcə Azərbaycana, daha sonra isə Ermənistana gedib.

Bakıda keçirilən mətbuat konfransında Ursula fon der Leyen çıxışının əsas hissəsini Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığına həsr edib:

“Enerji əməkdaşlığı tərəfdaşlığımızın ən güclü sütunlarından biri olaraq qalır. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı və güvənilən enerji tərəfdaşı olduğunu sübut edib. Biz unutmamışıq ki, Rusiya enerjidən silah kimi istifadə etdiyi və Avropa üçün qaz təchizatını dayandırdığı vaxt Azərbaycan dəstək göstərdi.

Cənub Qaz Dəhlizi həqiqətən də Avropanın enerji təhlükəsizliyini gücləndirdi və bu, böyük uğur hekayəsidir. Buna görə sizə təşəkkür etmək istəyirəm”.

Ursula fon der Leyen Yerevanda keçirilən mətbuat konfransında isə əsas diqqəti Ermənistanın demokratik inkişafı, islahatlar və Avropa İttifaqı ilə münasibətlərə yönəldib.

“Ermənistan demokratiya, islahatlar, sülh və Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq yolu ilə irəliləməyə davam edir. İyunun 7-də Ermənistan xalqı demokratiyaya, qanunun aliliyinə, islahatlara və sülhə üstünlük verdiyini, Avropa İttifaqı ilə açıq və inklüziv tərəfdaşlığı seçdiyini aydın şəkildə ifadə etdi.

İndi bu istəkləri real nəticələrə çevirməliyik. Bu məsələdə bizim dəstəyimizə arxalana bilərsiniz”, – deyə Avropa Komissiyasının sədri bildirib.

Ursula fon der Leyen Cənubi Qafqaza səfər

Leave A Reply