Büdcə zərfi, vergilər

2027-ci il büdcə zərfinə daxil olan Vergi Məcəlləsi layihəsində çips və şirin mineral və qazlı içkilər aksizli mallar siyahısına salınır. Yerli istehsalda hər kiloqram çipsə 1 manat, hər litr içkiyə 0,10 manat aksiz tətbiq olunması təklif edilir.

Kuryerlər üçün sabit model nəzərdə tutulur: muzdlu işçisi olmayan kuryer ayda 15 manat sadələşdirilmiş vergi ödəyəcək. Taksi sürücülərinin isə vergisi maşına görə sabit məbləğlə yox, gəlirdən hesablanacaq: sifariş platformaları və vasitəçilər gəlirdən 1 faiz tutacaq. Hökumət bunu kölgə iqtisadiyyatını azaltmaq və sürücülər arasında ədalət yaratmaqla izah edir.

Aqrar sahədə gəlir və mənfəət vergisi üzrə tam azadlıq 2027-ci il yanvarın 1-dən ləğv olunur, onu 5 illik 90 faizlik güzəşt əvəz edəcək. Kənd təsərrüfatı şirkətlərinin təsisçilərinin dividendinə isə 5 faiz vergi tətbiq ediləcək. Güzəşt yalnız Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemində qeydiyyatda olanlara şamil olunacaq.

Layihədə gözəllik xidmətləri üçün də 5 illik sadələşdirilmiş vergi nəzərdə tutulur: nağd dövriyyədən 8, nağdsız dövriyyədən 6 faiz. Lotereya və idman mərcləri operatorlarına isə mövcud 6 faizlik rejimi saxlamaqla yeni vergi modelini seçmək hüququ verilir. Sənəd hələ qanun layihəsidir.

İllüstrativ foto: Wikimedia Commons.

Leave A Reply