2 km-lik göydələn

Səudiyyə Ərəbistanı memarlıq sahəsində yeni rekorda imza atmağa hazırlaşır. Ölkənin paytaxtı Ər-Riyadda planetin ən uca göydələni inşa olunacaq.

Layihə barədə “Middle East Economic Digest” (MEED) nəşri yazıb. Bildirilir ki, planlaşdırılan nəhəng qüllənin hündürlüyü təxminən 2 min metr olacaq. Bu göstərici hazırda dünyanın ən hündür binası hesab edilən Dubaydakı 828 metrlik “Bürc Xəlifə”ni iki dəfədən çox geridə qoyur.

MEED-in məlumatına əsasən, yeni göydələn Ər-Riyad ətrafında yaradılan, uzunluğu 18 kilometr olan müasir biznes zonasının mərkəzində ucaldılacaq. Layihə Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu tərəfindən maliyyələşdirilir və ərazi Kral Xalid Beynəlxalq Hava Limanına yaxın yerləşir.

İnşaat sahəsi üzrə ekspertlərin fikrincə, bu miqyaslı layihənin reallaşdırılması təqribən 5 milyard ABŞ dollarına başa gələcək. Artıq dünya miqyasında tanınmış memarlıq və dizayn şirkətləri qüllənin layihələndirilməsi üçün müsabiqəyə dəvət olunublar. Müsabiqədə iştirak üçün giriş haqqı 1 milyon dollar təşkil edir. Dəvət alan şirkətlər sırasında “Skidmore, Owings & Merrill” (SOM), “Adrian Smith və Gordon Gill Architecture” kimi nüfuzlu adlar da var.

2 km-lik göydələn

Leave A Reply