Gəlin qaynana söhbəti, 400 min manatlıq oğurluğun üstü belə açılıbmış!
“Formula1 Bakı”da şöbə rəisi işləmiş Çingiz Mehdiyev yarışların təşkili üçün ayrılmış 400 min manata yaxın pulu oğurlayıb, anasının bank hesabına göndəribmiş.
“Qafqazinfo” Çingiz Mehdiyev və onun cinayəti ilə bağlı bəzi maraqlı məqamları əldə edib.
Çingiz Mehdiyev 2006-cı ildə Amerikaya köçüb, oranın vətəndaşlığını qəbul edib. O, pasport alarkən ad-soyadını da dəyişib, Gino Metie kimi qeydə alınıb. Gino Metie bir il sonra Nyu-York şəhərində Nərminə adlı xanımla evlənib, onların bir qızı dünyaya gəlib. 2019-cu ildən onların münasibəti korlanıb, 2023-cü ildə boşanıblar.
Məlumata görə, Azərbaycana qayıtdıqdan sonra yenidən Çingiz Mehdiyev ad-soyadı ilə işə başlayan təqsirləndirilən şəxsi istintaqda ifşa edənlərdən biri elə arvadı Nərminə Ələkbərova olub.
Nərminə Ələkbərova istintaqa verdiyi ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. O, əri ilə üzləşməsində də onu ifşa edib. Nərminə həmçinin Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə yüklü miqdarda pullar köçürməsindən də danışıb.
Formula1 yarışlarının sabiq icraçı direktoru Arif Rəhimovun pul oğurluğunda ortaq olduğu bildirilir.