Erkən ərə verilən qızlar arasında intihar edənlər də var

Gürcüstanda etnik azərbaycanlılar yaşayan ərazilərdə qızların erkən yaşda zorla ərə verilməsi halları çoxalıb. Lakin yeniyetmələrin taleyinə görə heç kim məsuliyyət daşımaq istəmir. Hətta bu məcburiyyətlər yeniyetmələri ölüm həddinə çatdırır.

Gürcüstan hökumətin bu barədə qanunlara etdiyi ən son dəyişiklik də buna səbəb olan şəxsləri məsuliyyətə cəlb etmir.

“Qızım heç vaxt xəyallarından, arzularından danışmazdı. Belə baxanda 14 yaşda nə arzu, nə xəyal?! O xəyallar qurmağa imkan tapmamış getdi bu dünyadan. Onu ailə qurmağa zorlamadıq, sadəcə söhbət gedirdi. Toy olmadı, nişan taxılmamışdı… Mən qızımın gəlin olduğunu görmədim, o kəfənə büründü. Belə gözəl qız da ölə bilərmi?!”

 

Foto: Google

 

Mehriban (ad şərtidir) Gürcüstanın Telavi rayonunun Qaracala kəndinin 9 sinif şagirdi idi. Onu uzun hörükləri vardı. Ailəsinin onu  14 yaşında evləndirmək istəməsi hələ barəsində planlar qurmağa imkan tapmadan gələcəyinə son qoydu. Evlənməyə etiraz edən Ülviyyə 2014-cü ilin iyulunda evlərindəki tüfənglə özünü vurdu…

Gürcüstanda erkən evlilik daha çox etnik və dini azlıqların yaşadığı ərazilərdə daha çox təsadüf olunur. Burada qızların erkən yaşda ərə verilməsi adı hal sayılır. Onlardan kimisi öz razılığı ilə, bəziləri isə adətlərə və ya valideynlərinin qərarı ilə razılaşıb  erkən yaşda gəlin olurlar. Lakin, bu ənənə heç də həmişə ailələri sevindirmir. Məsələn, Qaracala kəndindən olan daha bir 9 sinif şagirdi 2012-ci ildə ailəsinin onu evləndirmə tələbinə qarşı qoymaq üçün özünü öldürmək yolunu seçib.

Gürcüstan erkən nikahlara görə Şərqi Avropa ölkələri arasında ikinci sıradadır. Rəsmi statistikada deyilir ki, 2020-ci ildə tək 16-19 yaşlı 6 mindən çox qız erkən yaşda evlənib. Eyni zamanda ötən il 1527, yəni hər günə orta hesabla 4 yeniyetmə yaşındakı qız ana olub.

Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanov deyir ki, azərbaycanlılar yaşayan ərazilərdə ailə quran qızların 70 faizini erkən yaşda ərə gedənlər təşkil edir. Onun sözlərinə görə, çalışdığı təşkilat məktəblərdə və ailələrdə erkən evliliyin qızların həm psixoloji, həm də sağlamlıq vəziyyətinə hansı zərbələr vurması haqda söhbətlər aparırlar:

“Amma təəssüf ki, erkən nikah və ailədaxili zorakılıq azərbaycanlılar yaşayan bölgələrdə hələ də çox yüksəkdir. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, sanki 18 yaşını keçən qız evlənmək üçün gecikib. Buna görə də ailələri onları erkən yaşda ərə verəndə əksər vaxtı bununla razılaşırlar”.

Ailəsi ilə razılaşmayanların isə bəzən Mehribanın hekayəsində olduğu kimi faciəli sonlanır. Mehribanın  nənəsi Sünbül xanım deyir ki, özü də 14 yaşından ərə gedib. Deyir, belə gənc yaşda ailə qurmağa könlü olmasa da, elin adətinə qarşı çıxa bilməyib:

“Mənim heç nədən xəbərim olmadı,  dedilər ki, bəs qızı vermişik, payızda toy olacaq. Bizim ixtiyarımız nə idi ki, ərə getmək istəmədiyimizi dilə gətirək? Odur ki, heç etiraz etməyi düşünmürdük. Hər ailədə belə idi, qız 13-14 yaşı oldu, evlənməli  idi. Yoldaşım evin böyüyü oğlu olub, 14 nəfərlik ailəyə baxmışam. Uşaq vaxtı xəstə düşmüşəm. İndi fikirləşirəm tez evlənmək bir şey deyil. Amma adətimiz budur. Mən nəvəmi öz tanıdığıma, verməsəydim, başqası qaçırdacaqdı. Olan bizə oldu, daha günahkar axtarmağın nə mənası yoxdur”

Mehribanın anası isə deyir ki, böyük qızını hətta daha tez, 13 yaşında evləndirib:

“Artıq qızımın iki uşağı doğulub. Ailəsiylə də çox xoşbəxtdi. Mən nə bilərdim ki, Mehriban belə edəcək? Mən hər ana kimi onun xoşbəxt olmasını istəyirdim”.

Gürcüstan Elm və Təhsil Nazirliyinin statistikasına əsasən, 2020-2021-ci illər ərzində 15 yaşadək olan 7 min 367 qız təhsildən ayrılıb. Qaracala kənd orta məktəbinin direktoru Elza xanım əlavə edir ki, kənddə ailələrin qızlarını təhsildən ayırıb ərə verilmələrinin səbəblərindən biri də qaçırılma hallarının olmasıdı:

“Qız böyüyüb 9-cu sinifə başlayan kimi artıq məktəbdə davamiyyəti zəifləyir. Çünki ailələr qızlarının qaçırılacağından qorxurlar. Buna görə də qızların erkən yaşda evləndirilməsi həm də oğluna gənc qız alan və ya qaçıran ailələr məsuliyyət daşıyırlar. Son illər bu sahədə ciddi tədbirlər görülməyə başlanılıb və qızqaçırma halları biraz azalıb. Biz Dövlət Sosial Agentliyi ilə işləyirik. Davamiyyət azalan kimi agentliyin işçiləri ailələrə gedib, onlarla söhbətlər aparır. Amma təəssüf ki, tək bu söhbətlər kifayət etmir”.

Dövlət Sosial Agentliyindən də bildirirlər ki, onların səlahiyyətləri yalnız ailələrlə danışıqlar aparmağa imkan verir. Qurumda hesab edirlər ki, daha ciddi nəticələr əldə etmək üçün qızını erkən yaşda ərə verən və eləcə də qız qaçıran ailələrə qarşı sərt cəzalar tətbiq olmalıdır.

Gürcüstanda Mülki Məcəlləyə əsasən, minimum nikah yaşı 18-dir. Bununla belə, qanunvericilik bəzi istisna hallarını də nəzərdə tutur. 2015-ci ilin dekabrınadək 16-18 arası yaşda qızlar valideynlərinin razılığı ilə rəsmi ailə qura bilərdilər. Parlamentin Ombudsmanın təklifi ilə məcəlləyə etdiyi dəyişiklikdən sonra 17-18 yaşarası qızların nikahı yalnız məhkəmənin qərarı ilə reallaşa bilər. Bu isə nikah qeydiyyatı üçün hamiləlik və ya körpənin dünyaya gəlməsi kimi zəruri hallar yaranarsa mümkündür.

Gürcüstan baş nazirinin insan haqları və gender bərabərliyi məsələləri üzrə müşaviri Sofia Japaridze bildirir ki, 2015-ci ilin sentyabrından erkən evlilik məsələsi ilə bağlı hədəf qrupu yaradılıb və bura 20-dən çox dövlət qurumu, beynəlxalq və yerli təşkilatlar daxildir:


Foto: Google

“Hədəf qrupunun vəzifələrindən biri də erkən evliliyin qarşısının alınması tədbirləri də daxil olmaqla, düzgün ünvanlanmış dövlət strategiyası və fəaliyyət planının xəritəsinin çəkilməsidir. Qrup həmçinin bu məqsədlə reallaşdırılmalı olan zəruri müdaxilə və tədbirləri müəyyən etməlidir. Eyni zamanda qrup erkən evlilik praktikasi və bu fenomenin nəticələrinin araşdırılması zərurətini gündəmə gətirir”.

Gürcüstan Vətəndaş İnteqrasiyası Fondunun sədri Zaur Xəlilov hesab edir ki, erkən evliliklə bağlı sərt tədbirlər görülməyincə, əhali ilə profilaktik söhbətlərin ciddi nəticəsi olmayacaq:

“Bu sahədə sərt qanunlar mütləqdir. Məsələn, Qaracaladakı hadisədə hər iki qızın valideynləri məsuliyyətə cəlb edilmədi. Onlara maddi və ya şərti cəza da verilmədi. Onlar məsuliyyətə cəlb edilsə idi, bütün kənd bundan dərsini alardı. Axı bu, şagirdlərin ölüm həddinə çatdırılması idi. Bu cür faciələrə rəğmən məktəblilərin ərə verilməsi davam etməkdədir”.

Mehribanın anası isə hesab edir ki, övladının ölümündə cəmiyyətin də təqsiri var:

“Məni yox, cəmiyyəti qınayın. Mənim qədər cəmiyyət də günahkardır. Ülviyyəni 4 nəfər istəyirdi. Ailələrdən ikisi xəbər göndərirdi ki, qızı verməsəz, qaçırdacağıq. Belə vəziyyətə düşməsəydik, qızımızı tələsik ərə vermək də istəməzdik. Mən də indi bala həsrətilə yanmazdım, qızım yanımda olardı, soyuq torpaqda yox”.

 

 

 

 

 

Leave A Reply