Siyasi məhbuslar

AŞPA-nın Siyasi Məhbuslar üzrə Baş Məruzəçisi Azadə Rojhan və ATƏT Parlament Assambleyasının Siyasi Məhbuslar üzrə Xüsusi Nümayəndəsi Stiv Koen 30 oktyabr – Beynəlxalq Siyasi Məhbuslar Günü ərəfəsində birgə bəyanatla çıxış ediblər. Oktyabrın 29-da açıqlanan müraciətdə hüquq müdafiəçisi Anar Məmmədli, müxalifət lideri Əli Kərimli, jurnalistlər Ülvi Həsənli, Fərid Mehralızadə və Ülviyyə Əlinin adları vurğulanır.

Bəyanatda qeyd olunur ki, bu şəxslərin həbs edilməsi Azərbaycanda müstəqil ictimai-siyasi fəaliyyətin və ifadə azadlığının hansı səviyyədə məhdudlaşdırıldığını aydın göstərir. Təşkilat təmsilçiləri haqsız saxlanılan insanların azad olunmasının siyasi və ya iqtisadi sövdələşmə mövzusu edilməməli olduğunu bildiriblər.

Nümayəndələr bildiriblər: “Bu cür hallar hakimiyyət orqanları və məsuliyyət daşıyan şəxslər üçün utancvericidir. Ədalətsiz yerə həbs edilmiş insanların azadlığa buraxılması öhdəlikdir, alver predmeti deyil”. Onlar beynəlxalq ictimaiyyəti Azərbaycandakı siyasi məhbusların durumunu nəzarətdə saxlamağa çağırıblar.

Mənbədə xatırladılır ki, “AbzasMedia işi” üzrə Fərid Mehralızadə və Ülvi Həsənli ötən ilin iyununda 9 il, Anar Məmmədli isə qaçaqmalçılıq ittihamı ilə 12 il azadlıqdan məhrum olunub. “Meydan TV işi” ilə həbsdə olan Ülviyyə Əli qaçaqmalçılıqda, 2025-ci il noyabrın 29-dan saxlanılan AXCP sədri Əli Kərimli isə dövlət quruluşunu zorla dəyişdirməyə cəhddə günahlandırılır. Məhbuslar bu ittihamları əsassız sayaraq peşə və siyasi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

2023-cü ilin noyabrından etibarən ölkədə 30-dan çox media və ictimai fəal dəstələrlə qaçaqmalçılıq ittihamı ilə həbsə atılıb, yerli hüquq müdafiəçiləri isə həbsxanalarda 322 siyasi məhbusun olduğunu bildirirlər. Hökumət rəsmiləri isə siyasi sifarişli həbs iddialarını rədd edərək, adları çəkilənlərin konkret cinayətlərə görə saxlanıldığını bildirir, beynəlxalq təşkilatlar isə onların təcili azadlığını tələb edir.

Mənbə: Meydan TV

Leave A Reply