İspaniyada qatar qəzası
Çərşənbə günü İspaniyanın mərkəzində, Kastiliya-La-Mança bölgəsinin Urda yaşayış məntəqəsi yaxınlığında dövlətə məxsus “Renfe” və özəl “Iryo” şirkətlərinin sürət qatarları toqquşub. Hadisə nəticəsində ən azı 69 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Qurbanlar arasında ən azı 23 xarici ölkənin vətəndaşları var.
The Guardian yazır ki, qəza Madrid istiqamətindən Andalusiya bölgəsinə hərəkət edən “Iryo” qatarının dayanmasından sonra arxadan gələn “Renfe” qatarının ona çırpılması ilə nəticələnib. İlkin istintaq hesabatına görə, LZB siqnalizasiya sistemi söndükdən sonra dövlət infrastruktur operatoru “Adif”in dispetçeri qatara qaydalara uyğun saatda 40 kilometr əvəzinə normal sürətlə getməyi tapşırıb. Nəticədə qatar digərinə saatda 160-200 kilometr sürətlə dəyib.
Bu, eyni xətt üzərində cari ildə baş vermiş ikinci ölümlü qəzadır. Doqquz ay əvvəl Andalusiyanın Adamuz qəsəbəsi yaxınlığında eyni şirkətlərə aid qatarların toqquşması nəticəsində 46 nəfər həyatını itirmiş, onlarla insan yaralanmışdı.
Baş nazir Pedro Sançes hadisədən sonra sürətli qatarlara inamın sarsıldığını deyib: “İspaniya kimi güclü sürətli dəmir yolu sistemi olan bir ölkənin bir il ərzində bu cür və bu miqyasda iki qəza ilə üzləşməsi qəbuledilməzdir. Hökumətin məsuliyyəti yalnız səbəbləri müəyyənləşdirmək deyil, həm də bu miqyasda faciənin təkrarlanmaması üçün həll yolları təklif etməkdir”.
Hadisə fonunda müxalif Xalq Partiyasının lideri Alberto Nunyes Feyxo və “Frente Amplio” koalisiyasının rəhbəri Ada Kolau nəqliyyat naziri Oskar Puentenin istefasını tələb ediblər. Puente isə istefa çağırışlarını rədd edərək araşdırmanın nəticələrinə uyğun tədbir görüləcəyini və diqqətini problemlərin həllinə yönəltdiyini bildirib. Dəmir yolu işçiləri həmkarlar ittifaqı isə təhlükəsizlik sistemlərinin mütəmadi sıradan çıxdığını və iş yükünün normadan artıq olduğunu vurğulayıb.


