Serbiyada hakimiyyət dəyişikliyi

Serbiyada keçmiş prezident Aleksandar Vuçiçin partiyasını məğlub edərək seçkilərdə qələbə qazanan tələbə hərəkatı polis, kəşfiyyat və məhkəmə orqanlarının rəhbər şəxslərini istefaya çağırıb. Parlament binası qarşısındakı Pionerlər parkında mətbuat konfransı keçirən “Tələbə Siyahısı”nın yeni seçilmiş deputatları qanunu pozmuş polis əməkdaşlarının, o cümlədən polis rəisinin, BIA təhlükəsizlik agentliyinin və antiterror bölməsinin rəhbərlərinin dərhal vəzifədən uzaqlaşdırılmasını istəyiblər.

BBC xəbər verir ki, hakimiyyətin təhvil verilməsinin həftələrlə çəkəcəyi bildirilir və tələbə hərəkatı bu ərəfədə qanunsuzluqlarla bağlı sübutların məhv edilə biləcəyindən narahatdır. Ölkə boyu universitet tələbələri tərəfindən seçilən 141 deputat arasında ziyalılar, professorlar, incəsənət adamları, idmançılar və 12 tibb həkimi yer alır.

Hərəkat 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının talvarının uçması və 16 nəfərin ölümü ilə nəticələnən hadisədən sonrakı etirazlar zamanı formalaşıb. Onlar faciəyə səbəb kimi göstərilən korrupsiya iddialarının araşdırılmasını tələb edirlər. Tələbələr öz proqramları çərçivəsində talanlara son qoymağı, oğurlanmış vəsaitləri dövlət büdcəsinə qaytarmağı, təhsil və iqtisadiyyata birbaşa investisiya yatırmağı vəd ediblər.

Serbiyanın ictimai yayımçısı RTS-in direktoru Manya Qrçiç artıq vəzifəsindən istefa verib. Yeni deputatlar həmçinin “Telekom Srbija”nın rəhbəri Vladimir Luçiçin də dəyişdirilməsini tələb edirlər. Hazırda Serbiyanın prezidenti vəzifəsini icra edən Vuçiç tərəfdarı Ana Brnabiç isə müxalifləri “qanunun aliliyi yox, inqilabi ədaləti” seçməkdə və bəyənmədikləri medianı bağlamaq istəməkdə günahlandırıb.

Yeni parlamentin üzvü, 2010-2012-ci illərdə mərkəzi bankın rəhbəri olmuş iqtisadçı Deyan Şoşkiç isə əsas islahatların ilk altı ayda aparılmalı olduğunu bildirib. O, medianın azad edilməsini, korrupsiya ilə mübarizəni və lüstrasiya qanununun qəbulunu zəruri sayıb. Lüstrasiya dedikdə Vuçiç hökumətində və partiya aparatında vətəndaşların hüquqlarını pozan şəxslərin dövlət vəzifələrindən kənarlaşdırılması nəzərdə tutulur.

Leave A Reply