Çin Kommunist Partiyası

Çin Kommunist Partiyasının Pekində keçirilən dördgünlük qapalı toplantısının yekununda rekord sayda – 33 üzv partiyadan xaric edilib. İclasın yekun bəyanatına görə, partiyadan çıxarılanların 16 nəfəri hərbçidir. Onların “ciddi intizam və qanun pozuntularına” yol verdiyi bildirilsə də, konkret ittihamlar açıqlanmayıb.

BBC xəbər verir ki, beşinci plenumda Mərkəzi Komitənin cəmi 279 üzvü iştirak edib. Bu, Xi Jinping-in 14 illik rəhbərliyi dövründə plenum iştirakçılarının sayının ilk dəfə 300 nəfərdən aşağı düşməsi deməkdir. Müqayisə üçün, 2024-cü ilin iyulundakı üçüncü plenumda 364, 2025-ci ilin oktyabrındakı dördüncü plenumda isə 315 üzv iştirak etmişdi. Hazırkı Mərkəzi Komitə 2022-ci ildə fəaliyyətə 370-dən çox üzvlə başlamışdı.

Xaric edilən yüksək vəzifəli şəxslər arasında Sincanın keçmiş partiya rəhbəri Ma Xingrui, sabiq yüksək rütbəli generallar Zhang Youxia və Liu Zhenli, eləcə də ötən ilin iyulundan ictimaiyyət qarşısına çıxmayan keçmiş diplomat Liu Jianchao var. Ma Xingrui və Zhang Youxia həm də 24 nəfərlik Siyasi Büronun üzvləri olublar.

Silahlı qüvvələrə nəzarət edən yeddi nəfərlik Mərkəzi Hərbi Komissiyanın tərkibi də kəskin azalıb. Sədr müavini olan general Zhang Youxia-nın kənarlaşdırılmasından sonra komissiyada yalnız iki nəfər qalıb: sədr kimi Xi Jinping və vitse-sədr Zhang Shengmin. Zhang Shengmin bu plenumda Siyasi Büronun üzvlüyünə də irəli çəkilib.

Partiyanın İntizam Komissiyasından Zhang Fuhai qeyd edib ki, Xi Jinping-in hakimiyyətə gəldiyi 2012-ci ildən bəri bürokratizm, formalizm və israfçılıq kimi hallara görə iki milyondan çox şəxs barəsində intizam tədbiri görülüb. Təkcə bu ilin ilk doqquz ayında isə partiya aparatı üzrə 680 min insan intizam məsuliyyətinə cəlb edilib.

Leave A Reply