Məhkəmə qərarı
Azərbaycan Ali Məhkəməsinin Plenumunda məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın daha yüngül növ ilə əvəzlənməsi və xəstəliyə görə azad edilməsi təcrübəsinə dair qərar layihəsi təsdiqlənib.
Report.az xəbər verir ki, iclasda “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Plenum qərarı layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Bundan əlavə, Plenumun bəzi digər qərarlarına dəyişiklik edilməsi barədə də qərar verilib.
İclas iştirakçıları həmçinin Sumqayıt İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti üzrə məlumatları dinləyiblər.
Plenumda həmçinin “Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında” 2023-cü il 16 yanvar tarixli qərara dəyişiklik edilib və Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibi yenilənib.


