Kənd təsərrüfatı
Quba rayonunda alma bağlarında yayılan bitki xəstəlikləri məhsuldarlığın kəskin azalmasına və meyvələrin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.
Report.az xəbər verir ki, yerli fermerlər yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi üzündən bağlarda göbələk, bakteriya, virus və digər xəstəliklərin yarandığını bildirirlər. Bazarda Quba alması 60 qəpiklə 1 manat aralığında satılsa da, bölgədəki emal müəssisələri məhsulun bir kiloqramını fermerlərdən 10 qəpiyə təhvil alır.
Fermer Elşad Rüstəmov sayta açıqlamasında bildirib ki, 1,5 hektarlıq sahəsini hər il 5-6 dəfə dərmanladığı halda, bu il 15 dəfə dərman vurmalı olub: “Ötən illərdə alma bağından 8-10 min manat gəlir götürürdük. Bu il isə heç qoyduğumuz mayanı da çıxara bilmədik. Dərmanın və fəhlələrin pulunu, digər xərcləri hesablasaq, 5-6 min manat ziyandayıq. Növbəti ildə də vəziyyət dəyişməsə, ənənəvi Quba alması artıq tarixə qovuşacaq”.
Digər təsərrüfat sahibi Teymur Seyfullayev isə əvvəllər 16 ton alma yığdığı 1,5 hektarlıq bağdan bu il cəmi 6 ton məhsul götürdüyünü söyləyib. O, çəkilən zəhmətə baxmayaraq alıcıların məhsulu ən çoxu 70 qəpiyə aldığını və nəticədə 7-8 min manat ziyan etdiyini vurğulayıb.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov bildirib ki, rayondakı 17 min 170 hektar meyvə bağının 6 min 860 hektarını, yəni 40 faizini alma bağları təşkil edir. Onun sözlərinə görə, davamlı yağıntı və rütubət səbəbindən bağlarda ən çox dəmgil xəstəliyi yayılıb və bu da məhsuldarlığa ciddi təsir edib. Şöbə müdiri həmçinin əlavə edib ki, bu il emal müəssisələrində almanın qəbul qiyməti artırılaraq kiloqramı 12-13 qəpik, tonu isə 120-130 manat müəyyənləşib.


