Xəzərin çəkilməsi

Xəzər dənizinin səviyyəsinin 18-19 metr aşağı düşməsi Bakı bulvarının sahildən 20-30 kilometr aralıda qalması ilə nəticələnə bilər.

“Kaspi” qəzeti yazır ki, bunu Coğrafiya İnstitutunun “Xəzər dənizinin coğrafiyası” laboratoriyasının müdiri Səid Səfərov qəzetə müsahibəsində deyib.

Onun sözlərinə görə, dənizin bu dərəcədə çəkilməsi tamamilə yeni infrastrukturun yaradılmasını tələb edəcək və bu proses külli miqdarda vəsait aparacaq. Həmçinin bu hal gəmiçilik və dəniz nəqliyyatına ciddi zərbə vuracaq.

Mütəxəssis qeyd edib ki, hazırda Şimali Xəzərin orta dərinliyi təxminən 5 metr, ən dərin yerləri isə 20-22 metr təşkil edir və artıq indidən gəmilərin hərəkətində çətinliklər var. Səviyyə daha 18-19 metr aşağı düşərsə, Şimali Xəzərin böyük hissəsi tamamilə quruyacaq və dənizin Volqa çayı ilə əlaqəsi demək olar ki, kəsiləcək, iri gəmilərin hərəkəti qeyri-mümkün olacaq.

Səid Səfərov əlavə edib ki, Xəzərdəki neft və qaz hasilatı infrastrukturu dənizin müəyyən səviyyəsinə uyğun qurulub. Suyun kəskin azalması hasilat və nəql sistemlərinin işini çətinləşdirəcək, yeni layihələrin və alternativ həllərin hazırlanması isə böyük maliyyə tələb edəcək.

Leave A Reply