Sərbəst güləş

Azərbaycanın sərbəst güləş üzrə milli komandası dünya çempionatında gözlənilən nəticəni qazana bilməyib.

AZƏRTAC xəbər verir ki, yığmanın baş məşqçisi Xetaq Qazyumov Qazaxıstanın paytaxtı Astanada jurnalistlərə açıqlamasında məsuliyyəti öz üzərinə götürdüyünü bildirib: “Bu nəticəyə görə kimsə məsuliyyət daşımalıdır. Mən məsuliyyəti öz üzərimə götürürəm. Azərbaycan azarkeşlərindən və idmansevərlərdən üzr istəyirəm”.

Baş məşqçi komandanın çıxışının gözləntiləri doğrultmadığını deyib: “Federasiya rəhbərliyi ilə danışdıq. Komandamızın çıxışından narazılıq ifadə olundu, iradlar bildirildi. Məşqçilər heyəti bu iradlarla razıdır. Güləşçilərimiz göstərməli olduqları mübarizəni nümayiş etdirə bilmədilər. Bizə bildirilən bütün iradları qəbul edirik və gələcəkdə nöqsanları aradan qaldırmağa çalışacağıq”.

Xetaq Qazyumov federasiyanın yaratdığı şəraitə və ilboyu aparılan məşqlərə baxmayaraq, nəticənin qənaətbəxş olmadığını vurğulayıb: “Biz daha yüksək nəticələr, xüsusilə qızıl medal gözləyirdik. Lakin bəzi güləşçilərimiz fərdi keyfiyyətlərini nümayiş etdirə bilmədilər. Həlledici görüşlərdə də özlərini göstərə bilməmələri çox təəssüf doğurur. Onlara böyük ümid bəsləyirdik, ciddi hazırlaşırdıq. Komanda ümumilikdə pis hazırlaşmamışdı, lakin idmançılarımız öz imkanlarını göstərə bilmədilər”.

O, gələcəkdə səhvlərin düzəldilməsi və daha yüksək nəticələrin qazanılması üçün səyləri artıracaqlarını söyləyib.

Astanadakı dünya çempionatı oktyabrın 24-də başlayıb və noyabrın 1-də başa çatır.

Leave A Reply