Büdcə zərfi, əmək
Əmək Məcəlləsinə dəyişiklik layihəsinə görə, Azərbaycanda saatlıq əmək haqqı tətbiq ediləcək. Bu, hökumətin təsdiq edəcəyi fəaliyyət növlərində bir aydan az müqavilə bağlananda və ya həftəlik iş vaxtı 20 saat və daha az olanda işlədiləcək.
Sənədə görə, saatlıq ödəniş minimum saatlıq məbləğdən aşağı ola bilməz, bu məbləğ də minimum aylıq əmək haqqından hesablanan saatlıq maaşdan yüksək olmalıdır. Gündəlik iş bir saatdan az olsa belə, işçiyə minimum saatlıq haqq ödəniləcək.
Layihə 21 təqvim günlük minimum məzuniyyətin pulla əvəz edilməsini də qadağan edir. İstisna əmək müqaviləsinə xitam verilən haldır.
İşçilərin maaşı və digər ödənişləri isə qeyri-formal məşğulluğun qarşısını almaq məqsədilə elektron qaydada, işçinin seçdiyi bank hesabına köçürüləcək. Sənəd hələ qanun layihəsidir.


