Şimali Kipr, gəmi qəzası

Şimali Kiprin Girne sahillərində batan “FiloJet” sərnişin gəmisinin işi üzrə saxlanılan 9 nəfərin, o cümlədən 3 Azərbaycan vətəndaşının həbs müddəti daha 7 gün uzadılıb. Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. Növbəti məhkəmə prosesi noyabrın 13-də keçiriləcək.

Türkiyənin “Evrensel” saytının yazdığına görə, məhkəmə qarşısına çıxarılanlar arasında gəmi şirkətinin direktoru, kapitanlar, mexaniklər və ekipaj üzvləri var. Onlar ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olmaqda şübhəli bilinir. Saxlanılan Azərbaycan vətəndaşları Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümmətovdur.

Girne məhkəməsindəki iclasda polis əməkdaşı Mehmet Mannaş bildirib ki, gəminin səyahət məlumatlarını yazan cihazdakı 59 günlük məlumatın deşifrəsi başa çatıb, qalan 9 günlük qeydlər araşdırılır. Polis həmçinin gəminin texniki vəziyyəti barədə “Türk Loydu”ndan gələn 2 min səhifəlik sənədi öyrənir.

Avqustun 30-da baş verən qəzada 26 nəfər ölüb, 239 nəfər xilas edilib, daha bir sərnişinin axtarışı davam edir.

Leave A Reply