Reyestrə rüsum, MMC-yə güzəşt

Azərbaycanda biznes qeydiyyatı qaydalarını dəyişən iki qanun layihəsi hazırlanıb. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsinə görə, dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, eləcə də Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə daxil edilərkən rüsum ödəməli olacaq.

Təklif olunan dəyişikliyə əsasən, dövlət reyestrində aparılan dəyişikliklər zamanı da rüsum tutulacaq.

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində isə yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatının rüsumsuz aparılması nəzərdə tutulur.

Dəyişikliklər hökumətin qeyri-neft gəlirlərini artırmaq istədiyi vaxta düşüb. 2027-ci il büdcə layihəsinə görə, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Dövlət Vergi Xidməti xətti ilə büdcəyə 18 milyard 430 milyon manat daxil olması proqnozlaşdırılır, bu, cari ilin təsdiqlənmiş planından 1,52 milyard manat çoxdur. Layihələr Milli Məclisdə qəbul edildikdən sonra qüvvəyə minə bilər.

Leave A Reply