Fransa etirazlarında dezinformasiya

“Reuters” agentliyinin yazdığına görə, Avropa dezinformasiya mütəxəssisləri Fransadakı etiraz və iğtişaşlarla bağlı təhlil aparıb. Təhlilə görə, Rusiya ilə bağlı “Matryoşka” (“Operation Overload”) bot şəbəkəsi Qərb mediası adı altında videolar yayıb, onlarda Fransada terror aktları hazırlandığı və miqrantların etirazçıları zorladığı iddia olunub. Şəbəkənin Fransa rəhbərliyini “zəif və getdikcə avtoritar” göstərməyə çalışdığı bildirilir.

Aİ ekspertləri Moskvanın və ya başqa birinin etirazları törətdiyinə, yaxud gücləndirdiyinə dair sübut tapmayıblar. Fransa Xarici İşlər Nazirliyinin hesablamasına görə, oktyabrın 16-18-də X sosial şəbəkəsində Rusiyapərəst hesabların ən çox baxılan on yazısı 2,8 milyon baxış toplayıb.

“Reuters” qeyd edir ki, bu rəqəmlər MAGA hərəkatı və İsrail rəsmiləri ilə bağlı hesabların göstəriciləri ilə müqayisə olunmur. MAGA ilə bağlı rəsmilərin, media və blogerlərin ən çox baxılan on yazısı üç gündə 49 milyondan çox, İsrail rəsmilərinin, dövlət qurumlarının və blogerlərin oxşar yazıları isə 35 milyon baxış toplayıb. Fransa XİN-ə görə, bu hesablar da iğtişaşları radikal islamçılıq və miqrasiya ilə əlaqələndirən “düşmən məlumat” yayıb.

Fransada sentyabrın sonundan başlayan etirazlara əvvəlcə təhsildə qənaətə və həyat bahalığına qarşı çıxan məktəblilər və tələbələr qoşulub, sonradan aksiyalar genişlənib. Etirazlar bir sıra hallarda polislə toqquşma və iğtişaşlarla müşayiət olunub.

Leave A Reply