Rusiya Türk təşkilatına?
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu verilməsi və ya “TDT+” formatına qoşulması təklifi təşkilatın içində müzakirə yaradıb. Azadlıq Radiosunun jurnalisti Zamira Eşanovanın yazdığına görə, müzakirənin mərkəzində Rusiyanın müşahidəçi meyarlarına uyğun olub-olmaması dayanır. Kreml sözçüsü Dmitri Peskov Rusiyanın təşkilatda iştirakını “tamamilə anlaşılan” adlandırıb və ölkənin “bütövlükdə” təmsil olunmalı olduğunu vurğulayıb. Bu, Tatarıstan və Başqırdıstan kimi türkdilli respublikalara işarə kimi qiymətləndirilir.
TDT-nin ilk baş katibi, Türkiyənin təqaüddə olan diplomatı Halil Akıncı Azadlıq Radiosuna deyib ki, təşəbbüs formalaşmış praktikadan kənara çıxır: “Adətən, belə məsələlər öncədən müzakirə olunmadan yüksəksəviyyəli görüşlərdə gündəmə gətirilmir”. Onun sözlərinə görə, Tokayevin addımı Qazaxıstanın Rusiya ilə xüsusi münasibətləri və şimal bölgələrindəki çoxsaylı etnik rus əhalisi ilə bağlı ola bilər. Akıncı təşkilatın yalnız müstəqil dövlətləri birləşdirdiyini vurğulayıb: “Bu qaydaları dəyişdirmək olmaz”.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Kürşad Zorlu məsələni “həssas” adlandırıb. O, alternativ kimi “TDT+” formatında görüşlər təklif edib. Zorlunun fikrincə, Kreml təşkilatla münasibətləri dərinləşdirmək istəyirsə, əvvəlcə 2015-ci ildə Su-24 böhranından sonra türk respublikalarına kəsdirdiyi TÜRKSOY əlaqələrini bərpa etməyi düşünə bilər.
Rusiyadakı etnik respublikaların müstəqilliyini müdafiə edən “Azad Millətlər Liqası”na daxil olan başqırd, tatar və saxa təmsilçiləri TDT üzvlərini Rusiyanın iştirakını rədd etməyə çağırıb. Adının çəkilməsini istəməyən tatar təhlilçi Azadlıq Radiosuna deyib ki, Moskva Türkiyənin Kazan və Ufa ilə birbaşa əlaqə qurmasından ehtiyat edir. Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov isə Tokayevin təşəbbüsünü “Kremlin xüsusi əməliyyatı” adlandırıb.


