Tehrana TRIPP təminatı
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib ki, Yerevan Sünik vilayətindən keçəcək TRIPP marşrutunun regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcəyinə dair Tehrana təminat verib. “Toplum TV” bu açıqlamanı “Mehr” agentliyinə istinadla yayıb.
Bəqainin sözlərinə görə, Tehran nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlayır, amma bu layihələr regionun geosiyasətini dəyişməməlidir. O, ABŞ-nin regiondakı mövcudluğunun həmişə təhlükəsizlik problemləri yaratdığını bildirib və narahatlıqlarını Ermənistana çatdırdıqlarını deyib. TASS agentliyinin sözçüyə istinadla yazdığına görə, yol erməni şirkətləri tərəfindən tikiləcək, ərazidə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi isə nəzərdə tutulmur.
Sözçü İranın Ermənistanla çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb, Tehranın prosesi diqqətlə izləyəcəyini və zərurət olarsa, mövqeyini açıq bildirəcəyini deyib.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) 2025-ci il avqustun 8-də Vaşinqtondakı üçtərəfli görüşdə razılaşdırılıb. Layihə Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməyi nəzərdə tutur. İran bu marşrutun İran-Ermənistan sərhədinə və ABŞ-nin regionda möhkəmlənməsinə təsirindən ehtiyat etdiyini dəfələrlə bildirib. Azərbaycan, ABŞ və Ermənistan bu yaxınlarda layihə üzrə üçtərəfli texniki qruplar yaratmağa razılaşıb.


