Rusiyaya gələnlər azalıb
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Federasiya Şurasında çıxışında bu ilin doqquz ayında ölkəyə təxminən 7 milyon əcnəbi vətəndaşın gəldiyini bildirib. “İnterfaks”ın yaydığı çıxışa görə, bu, 2025-ci ilə nisbətən təxminən 10 faiz azdır.
Nazirin sözlərinə görə, leqal işləyən miqrantların payı 45 faizdən 50 faizə qalxıb, on il əvvəl bu rəqəm 25 faiz idi. Hər onuncu əcnəbinin, yəni 670 min nəfərin müvəqqəti və ya daimi yaşayış statusu var. Əcnəbilərin bu ilin yanvar-sentyabr aylarında törətdiyi cinayətlərin sayı 20 mindən çoxdur, bu, ötən ilin eyni dövründən 40 faiz azdır.
Kolokoltsev bildirib ki, vətəndaşlığa xitam verilməsi institutu tətbiq olunan üç ildə bu qayda 5 mindən çox adama, əsasən cinayətə görə şamil edilib. Saxta nikah və atalıq iddiaları ilə mübarizə nəticəsində keçən il müvəqqəti yaşayış icazələrinin ləğvi 5 dəfə, yaşayış vəsiqələrinin ləğvi 18 dəfə artıb, yaşayış vəsiqəsindən imtina isə 13 dəfə çoxalıb. Vətəndaşlığa qəbul üçdə bir azalıb.
Nazir bu azalmanı “həm geosiyasi səbəblərlə, həm də daxili işlər orqanlarının məqsədyönlü fəaliyyəti ilə” izah edib. “Qeyri-dost” ölkələrin vətəndaşları üçün sadələşdirilmiş müvəqqəti yaşayış icazəsi tətbiq olunduqdan sonra isə, onun dediyinə görə, əsasən Avropa İttifaqı, ABŞ, Cənubi Koreya, Britaniya və Kanada vətəndaşlarından 4,3 mindən çox müraciət daxil olub.
Kolokoltsev eyni çıxışında bildirib ki, 2027-ci ildən əmək miqrantlarının Rusiyaya gətirdiyi işləməyən ailə üzvlərinin hər biri üçün əlavə vergi tətbiq ediləcək. Onun sözlərinə görə, bu təşəbbüs Daxili İşlər Nazirliyindən gəlib və sosial sahə üzərində yükü azaldacaq. Nazir 2025-ci ildən bəri işləməyən və oxumayan ailə üzvlərinin sayının 20 faiz azaldığını da deyib.


