Tehranda hicab saxlanmaları
Tehran Prokurorluğunun müdaxiləsi ilə gənclərin toplaşdığı İranşəhr küçəsində “ədəbsizliyi və əxlaqsızlığı təbliğ etməkdə” ittiham olunan bir neçə nəfər saxlanılıb. Məcburi hicab qaydalarının pozulmasını təşviq edənlərlə bağlı əməliyyatı məhkəmə sisteminin “Mizan” agentliyi açıqlayıb, saxlanılanların sayı və kimliyi bildirilməyib.
“Mizan”ın yazdığına görə, əməliyyat məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ejeinin məcburi hicab və ictimai əxlaq qaydalarının pozulmasını təbliğ edən “təşkilatlanmış səyləri” müəyyən etmək barədə göstərişindən sonra keçirilib. Prokurorluq qadınları hicabsız çıxmağa təşviq edənlərə qarşı qanuni tədbir görüləcəyi barədə xəbərdarlıq edib.
“Iran International”ın yazdığına görə, Rəssamlar Parkının yaxınlığındakı İranşəhr küçəsi son həftələr hakimiyyətin diqqətindədir. Noyabrın 7-də ərazidəki “Dey” və “Arsa” kitab mağazalarının möhürləndiyi bildirilir. Oktyabrın 30-da isə polis küçəni bağlayıb, Bəsic üzvləri və mülki geyimli təhlükəsizlik əməkdaşları Hellouin yığıncaqlarına müdaxilə edib. Telekanalın danışdırdığı şahidlər insanların döyüldüyünü və saxlanıldığını, parkdakı ailələrin çıxarıldığını, yaxınlıqdakı kafelərin bağlandığını deyib.
Əməliyyat Hellouin tədbirlərinin təşkilini və reklamını ölkə üzrə qadağan edən göstərişdən sonra keçirilib. “Dey” kitab mağazası sonuncu dəfə 2023-cü ilin oktyabrında da hicab qaydalarının pozulması iddiası ilə bağlanmışdı.


