Hörmüzdə tankerlər partlayıb

SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüzdə “icazəsiz marşrutla” boğazı keçməyə çalışan iki tankerin saxlanıldığını, güclü partlayışlardan sonra onların üzərində yanğın başladığını bildirib. Bu barədə İranın “Təsnim” agentliyinə istinadla “İnterfaks” xəbər verir.

SEPAH-ın iddiasına görə, gəmilər naviqasiya sistemləri söndürülmüş halda hərəkət edib, onlardan biri, supertanker minaya düşüb, digəri isə “Amerika qırıcılarının himayəsi altında” boğazı keçməyə çalışıb. Hadisə boğazın cənub sahilində baş verib. SEPAH dəfələrlə Omana yaxın cənub marşrutunun təhlükəli olduğunu və boğazın tam onun nəzarəti altında qaldığını bildirib.

Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) noyabrın 10-da Omanın Müsəndəm əyalətində, Lima limanından 19 dəniz mili şimal-şərqdə tankerin atəşə tutulduğunu bildirib. Qurumun məlumatına görə, ekipaj təhlükəsizdir.

Eyni gün İran dövlət mediası SEPAH-ın yeni yeraltı raket bazasının görüntülərini yayıb. “Iran International”ın yazdığına görə, görüntülərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi və SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi kompleksi gəzir. Bazanın yeri və ziyarətin vaxtı bildirilməyib. Abdullahi deyib ki, düşmən yeni addım atarsa, İranın cavabı regiondan kənara çıxacaq.

Bu açıqlamalar ABŞ prezidenti Donald Trampın İran müharibəsini hərbi baxımdan bitmiş saydığını və yeni zərbələrin “çox az ehtimal” olduğunu deməsindən bir gün sonraya düşür. SEPAH sözçüsü Hüseyn Möhibbi şənbə günü raket istehsalının bir hissəsinin hava zərbələrindən qorunmaq üçün yeraltına köçürüldüyünü bildirmişdi.

SEPAH axşam Telegram kanalında “qanunsuz fəaliyyətə qarışan” üçüncü neft tankerinin Hörmüz boğazında dəniz minasına toxunub partladığını bildirib. “İnterfaks”ın yazdığına görə, ABŞ bu cür məlumatların həqiqətə uyğun olmadığını vaxtaşırı bəyan edir.

“İnterfaks”ın İran dövlət mediasına istinadla yazdığına görə, noyabrın 11-də İran ordusu Hörmüz boğazının şərq hissəsində daha bir neft tankerinin dəniz minasına düşərək alovlandığını bildirib. İran hərbçilərinin iddiasına görə, tanker boğazdan Tehranın icazə vermədiyi marşrutla keçib.

SEPAH noyabrın 11-də Telegram kanalında daha iki neft tankerinin gecə Hörmüz boğazından “qanunsuz çıxmağa” çalışarkən dəniz minalarına düşdüyünü, gəmilərdə güclü partlayışlar və yanğın baş verdiyini bildirib. “İnterfaks”ın yazdığına görə, SEPAH gəmilərin naviqasiya sistemlərini söndürərək ABŞ hərbçilərinin dəstəyi ilə Tehranın razılaşdırmadığı marşrutla keçməyə çalışdığını iddia edir.

Leave A Reply