Əsgər ölümünə görə hökm
Naxçıvanda hərbi xidmət zamanı ürək xəstəliyindən ölən 18 yaşlı əsgər Sənan Hüseynovun işində hərbi hissənin tibb məntəqəsində çalışan diş həkiminə 2 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilib. Azadlıq Radiosunun yazdığına görə, hökm oktyabrın 27-də oxunub. 24 yaşlı tibb xidməti leytenantı qulluğa səhlənkar yanaşma nəticəsində ölümə səbəb olmaqda ittiham olunub.
Sənan Hüseynov 2025-ci ilin yayında Füzuli rayonundan hərbi xidmətə çağırılıb və həmin ilin sonunda ölüb. O, ölümündən bir gün əvvəl diş ağrısı ilə tibb məntəqəsinə müraciət edib, ona beşgünlük iynə və qarqara müalicəsi təyin olunub. Ertəsi gün əsgər uzunmüddətli yürüş və ağır yük daşımadan ibarət təlimə cəlb edilib, günorta yataqxanada ürəyi dayanıb. İş materiallarına görə, onda iki həftədir “kəskin infeksion miokardit”, yəni ürək əzələsinin iltihabı olub.
Diş həkimi məhkəmədə əsgərin təlimlərdən azad edilməsinin daha düzgün qərar olacağını deyib və özünü “qismən təqsirli” bildiyini söyləyib. Əsgərin anası isə həkimdən şikayətçi olmadığını bildirib. Onun sözlərinə görə, oğlu hərbi xidmətdən əvvəl Füzuli Rayon Mərkəzi Xəstəxanasında müayinə olunanda həkimlər ürəyində problemdən şübhələnib və onu Bakıda Kardiologiya İnstitutuna göndəriblər: “Oğlumun ürəyində problem ola-ola xəstəliyi gizlədib göndərdilər. Tələbim odur ki, bu işdə günahı olanların hamısı qanun qarşısında cavab versin”.
Füzuli xəstəxanasının terapiya şöbəsinin müdiri istintaqda elektrokardioqramda “sağ hiss dəstəsinin natamam blokadası” qeydini gördüyünü, amma Kardiologiya İnstitutundan gələn aktda heç bir patologiya aşkar edilmədiyinin yazıldığını deyib. Son illərdə səhhətində ciddi problem olan gənclərin hərbi xidmətə aparılması barədə çoxsaylı iddialar səslənir.


