Xan Yunisdə xəstəxanaya zərbə
Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına İsrailin hava zərbəsi nəticəsində azı beş fələstinli ölüb. Qəzzanın Mülki Müdafiə xidmətinin rəsmisi BBC-yə bildirib ki, 20 nəfər yaralanıb. Xidmətin sözçüsü Mahmud Basal daha əvvəl AFP agentliyinə ölənlərin sayının altı olduğunu demişdi. Ölənlər arasında bir cərrahın da olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, cümə axşamı səhər tezdən ərazinin üzərindən qısa müddət uçan döyüş təyyarəsinin atdığı bir raket xəstəxananın cərrahiyyə şöbələrinin və reanimasiya bölmələrinin yerləşdiyi binaya dəyib. Nasir Tibb Kompleksinin direktoru jurnalistlərə binanın şaquli zərbə ilə vurulduğunu, kişi və qadınlar üçün reanimasiya və cərrahiyyə şöbələrinin ciddi zədələndiyini deyib. Fəalların yaydığı videolarda binanın ikinci mərtəbəsində qalın tüstü və dağıntı, ətrafa səpələnmiş tibbi avadanlıq və çarpayılar görünür.
İsrail ordusu və Daxili Təhlükəsizlik Xidməti “Şin Bet” birgə açıqlamasında zərbənin hədəfinin HƏMAS-ın Xan Yunis briqadasının komandiri Məhəmməd Əbu İsmail və xəstəxanada gizləndiyini iddia etdikləri digər HƏMAS üzvləri olduğunu bildirib. “İnterfaks”ın “The Times of Israel”ə istinadla yazdığına görə, açıqlamada Əbu İsmailin briqada üzvlərini İsrail vətəndaşlarına və hərbçilərinə qarşı hücumların hazırlanmasına yönəltdiyi iddia olunur.
İsrail HƏMAS-ı xəstəxanalardan hərbi məqsədlə istifadə etməkdə tez-tez ittiham edir, HƏMAS bunu rədd edir. İsrail BBC-nin Qəzza zolağının içindən müstəqil reportaj hazırlamasına icazə vermir, ona görə də hadisənin detallarını yoxlamaq mümkün olmur.
Nasir xəstəxanası Qəzzanın cənubundakı ən böyük xəstəxanadır. 2025-ci ilin avqustunda İsrailin bu xəstəxanaya endirdiyi ikiqat zərbədə jurnalistlər və tibb işçiləri də daxil olmaqla azı 20 nəfər ölmüşdü. Qəzzanın HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin BMT-nin etibarlı saydığı məlumatına görə, ötən ilin oktyabrında atəşkəs razılaşmasından sonra da davam edən İsrail zərbələri nəticəsində 1600-dən çox insan ölüb, 2023-cü ilin oktyabrından bəri ölənlərin sayı 74 645-i keçib. Müharibə HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumu ilə başlamışdı, həmin hücumda təxminən 1200 nəfər ölmüş, 251 nəfər girov götürülmüşdü. Son günlərin güclü yağışları köçkün ailələrin yaşadığı on minlərlə çadırı su altında qoyub.


