Müharibədən sonra ərzaq böhranı
Livanda bir milyondan çox insan, yəni əhalinin təxminən dörddə biri kəskin ərzaq çatışmazlığı ilə üzləşir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Livanın Kənd Təsərrüfatı Nazirliyi bunu noyabrın 11-də yaydıqları birgə bəyanatda bildirib. “Al Jazeera”nın AFP-yə istinadla yazdığına görə, gələn ilin ortasına bu say 1,15 milyona çata bilər.
Bəyanatda deyilir ki, ölkədə iş imkanları məhduddur, əmanətlər tükənib, borclar yüksək qalır, ərzağın, yanacağın və digər zəruri malların qiyməti ailə büdcəsinə ağır yük olur. WFP-nin Livandakı nümayəndəsi Allison Oman Lavi bildirib ki, bəzi ailələr hələ əmanətə, borca və xərcləri azaltmağa arxalana bilir, başqaları üçün isə bu imkanlar tükənir və kiçik yeni zərbə də onları böhranın dərinliyinə sala bilər. Kənd təsərrüfatı naziri Nizar Hani həm təcili ərzaq ehtiyaclarına cavab verən, həm də dolanışıq mənbələrini qoruyan koordinasiyalı milli tədbirlərə çağırıb.
Livan hakimiyyəti 2023-cü ilin oktyabrından bəri İsrail ilə Hizbullah arasında baş verən iki müharibənin ziyanını təxminən 27 milyard dollar qiymətləndirir. Martda başlayan sonuncu müharibə Livanda bir milyondan çox insanı köçkünə çevirib, iyunda döyüşlər səngiyəndən sonra bu say təxminən 300 minə düşüb.
İyunda ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan hökuməti döyüşləri dayandırmaq üçün çərçivə razılaşması imzalayıb. Razılaşmaya görə, İsrail qüvvələri çəkilməli, Livan ordusu boşalan ərazilərə yerləşməli, Livan isə razılaşmanın tərəfi olmayan Hizbullahı tərksilah etməli idi. “Al Jazeera”nın yazdığına görə, İsrail Livan ərazisinin bir hissəsini hələ də işğal altında saxlayır. Müharibələr Livanın 2019-cu ildə başlayan ən ağır iqtisadi böhrandan çıxmağa çalışdığı vaxta düşüb. Beyrut Beynəlxalq Valyuta Fondundan yardım istəyir, amma fondun tələb etdiyi islahatları hələ həyata keçirməyib.


