“Tramp marşrutu”na son imza

Ermənistan prezidenti Vahaqn Xaçaturyan ABŞ ilə TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası barədə qanunu imzalayıb. “İnterfaks”ın Ermənistan prezidentinin mətbuat xidmətinə istinadla yazdığına görə, imza ilə ratifikasiya prosesi başa çatıb. TRIPP (Trump Route for International Peace and Prosperity) “Tramp marşrutu” kimi də tanınır.

Ermənistan parlamenti sazişi oktyabrın 28-də ratifikasiya edib. Sənədin lehinə 63 deputat səs verib, onların hamısı hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləridir. Müxalifətdən olan 32 deputat isə əleyhinə səs verib. Baş nazir Nikol Paşinyan daha əvvəl TRIPP layihəsinin praktiki mərhələsinin Ermənistan ərazisində başladığını bildirib. Noyabrın əvvəlində ABŞ, Azərbaycan və Ermənistan layihə üçün nəqliyyat və enerji üzrə üçtərəfli texniki qruplar yaradıb.

2025-ci ilin avqustunda Paşinyan, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda bəyannamə imzalayıb. Sənədə görə, Yerevan TRIPP-in çərçivəsini hazırlamaq üçün Vaşinqton və üçüncü tərəflərlə işləyəcək. Layihə avtomobil yolu, dəmir yolu və neft-qaz infrastrukturunun tikintisini nəzərdə tutur. Marşrut Azərbaycanın əsas ərazisini Ermənistandan keçən 42 kilometrlik yolla Naxçıvana, oradan da Türkiyəyə birləşdirməlidir.

Ermənistan və Azərbaycan arasında sülh sazişi isə hələ imzalanmayıb. Bakı imza üçün Ermənistan konstitusiyasından özünə qarşı ərazi iddiası saydığı müddəanın çıxarılmasını şərt kimi qoyur.

Ermənistan parlamenti noyabrın 12-də növbədənkənar sessiyada TRIPP layihəsi ilə bağlı qanun paketini birinci oxunuşda qəbul edib. “News.am”in yazdığına görə, “Səhmdar cəmiyyətlər haqqında” qanuna əlavələr və əlaqəli qanunlara dəyişikliklər 64 deputatın yekdil səsi ilə qəbul olunub, müxalifətdəki “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları iclasa qatılmayıb. Hökumətin izahına görə, ratifikasiyadan sonra TRIPP-i həyata keçirəcək şirkətin yaradılmasına başlanılacaq, bunun üçün çərçivə sazişinə uyğun olaraq bir sıra qanunlar dəyişdirilməlidir.

Leave A Reply