Peterburqda ikinci hərbçi partlayışı

Sankt-Peterburqun Puşkin rayonunda noyabrın 12-də səhər saat yeddi radələrində Rusiya ordusunun polkovniki avtomobilində partlayış nəticəsində ölüb. “Fontanka” nəşrinin yazdığına görə, partlayıcı qurğu avtomobilin altına bərkidilib və polkovnik həyətdən çıxarkən məsafədən işə salınıb. Partlayış Şuşarı qəsəbəsinin Slavyanka məhəlləsindən keçən Kolpino şossesində baş verib, yol hərəkəti bağlanıb.

“78.ru” saytının məlumatına görə, ölən zabit 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə ordusunun polkovniki və baş şturmanı olub. İlkin məlumata görə, avtomobildə onun ailə üzvü də olub və yaralanıb. Zabitin adı rəsmən açıqlanmayıb. Rusiyanın İstintaq Komitəsi hərbçinin qətli faktı ilə cinayət işi açıb, hadisə yerində ekspertizalar təyin olunub. Rusiya Müdafiə Nazirliyi hələlik açıqlama verməyib.

Bu, son üç ayda Sankt-Peterburqda avtomobili partladılan ikinci yüksək rütbəli hərbçidir. Avqustun 27-də eyni məhəllədə, bugünkü hadisə yerindən təxminən yarım kilometr aralıda Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə bölməsindən olan zabitin avtomobili partladılmışdı. Zabit yerindəcə ölmüş, həyat yoldaşı ağır vəziyyətdə xəstəxanaya aparılmışdı. Mediada ölənin Sergey Seçkov olduğu, onun Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Sumı və Xarkov vilayətlərində dinc əhaliyə zərbələr endirməkdə ittiham etdiyi 332-ci vertolyot alayında xidmət etdiyi bildirilmişdi. “Fontanka” mənbələrə istinadla həmin partlayışda 24 yaşlı Rusiya vətəndaşının şübhəli bilindiyini və onun hadisədən sonra Türkiyəyə getdiyini yazmışdı. Hüquq-mühafizə orqanları istintaqın gedişini rəsmən şərh etməyib.

Leave A Reply