KTMT sənədləri Ermənistana bağlanır?

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını məqsədəuyğun sayıb. O, bu fikri noyabrın 11-də “Belarus 1” televiziyasına müsahibəsində bildirib və belə məhdudiyyətin qoyulacağına əmin olduğunu deyib.

Rıjenkov Ermənistanı yalançı müttəfiq adlandırıb və ölkəyə təşkilatın məxfi sənədlərinə tam çıxış verilməsinə şübhə ilə yanaşıb. Onun sözlərinə görə, belə məlumat nəzəri olaraq təşkilatı həmrəylik əsasında inkişaf etdirmək istəyən ölkələrin maraqlarına zidd istifadə oluna bilər. Nazir Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqında iştirakını passiv və seçici adlandırıb: onun fikrincə, Yerevan bu birliklərin verdiyi üstünlüklərdən, o cümlədən ucuz qaz və neft qiymətlərindən, məhsulların daşınması imkanından yararlanır, digər öhdəliklərdən isə uzaq durur. Rıjenkov münasibətin erməni xalqına görə yox, Ermənistanın ali rəhbərliyinin mövqeyinə görə dəyişdiyini vurğulayıb.

Bu açıqlama KTMT-nin Moskvadakı sammitindən sonra gəlib. Həmin sammitdə Ermənistanı səs hüququndan və təşkilatda məsul vəzifələrə nümayəndə təyin etmək imkanından məhrum etmək qərarı verilib. Təşkilatın baş katibi Taalatbek Masadıkov Ermənistanın KTMT-dən çıxarılması məsələsinin sammitdə müzakirə olunmadığını bildirib. Ermənistan 2024-cü ildə təşkilatda iştirakını “dondurduğunu” elan edib, bu addım nizamnamədə nəzərdə tutulmasa da, üzvlük haqqını ödəməyi dayandırıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 5-də ölkəsinin KTMT ilə bağlı maraqlarının tükəndiyini bildirmişdi. O, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmağa hazırlaşmadığını, Avropa İttifaqına üzvlük üçün 2027 və ya 2028-ci ildə müraciət etməyi isə real saydığını da demişdi.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko noyabrın 12-də Hanoyda jurnalistlərə deyib ki, Ermənistanın KTMT-yə iddiaları əsassızdır: “Mənə elə gəlir ki, Ermənistanla Azərbaycan arasındakı keçən müharibə zamanı KTMT-yə qarşı bu cür əsassız inciklik Qarabağa görə məsuliyyəti Rusiyanın, KTMT-nin üzərinə qoymaq cəhdidir. KTMT o şəraitdə yenə də ciddi şəkildə nizamnamə sənədlərinə uyğun hərəkət edib”. Onun sözlərinə görə, təşkilatda qalıb-qalmamaq Yerevanın hüququdur, amma qərar mənfi olsa, “Ermənistan çox şey itirəcək”.

Leave A Reply