AXCP-li sədrdən xəbər yoxdur
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, partiyanın Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov noyabrın 12-də səhər tezdən işə getmək üçün evdən çıxıb və o vaxtdan yeri məlum deyil. Partiyanın sözlərinə görə, ona zəng çatmır.
AXCP ailəyə istinadla bildirir ki, Yusubov hər gün işə öz avtomobili ilə gedir, amma bu gün iş yerinə çatmayıb, avtomobil də yerində qalıb: “Maraqlı məqam odur ki, maşının qapısı açıq, açarı da içində olub. Ehtimala görə, uşaqlarını məktəbə aparıb-gətirən ailə üzvlərinin istifadə edə bilməsi üçün maşını açıq saxlayıb”. Azadlıq Radiosu bu barədə Daxili İşlər Nazirliyindən və digər rəsmi qurumlardan münasibət ala bilmədiyini yazır.
Son illər AXCP üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Partiyanın məlumatına görə, hazırda onun 20-dən çox fəalı, o cümlədən sədri Əli Kərimli uzunmüddətli həbsdədir. AXCP onların siyasi sifarişlə həbs olunduğunu deyir. Hüquq müdafiəçilərinin son siyahısına görə, Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi fəaliyyətə görə həbs olmadığını, həmin şəxslərin törətdikləri əməllərə görə mühakimə edildiyini bildirirlər.


