100 illik fıstıq ağacları kəsilib

Daxili İşlər Nazirliyi bildirir ki, Şəki rayonunun Kiş kəndi ərazisindəki meşədə 100-dən çox fıstıq ağacı qanunsuz kəsilib, bu işdə şübhəli bilinən altı rayon sakini saxlanılıb. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə keçirib.

Nazirliyin açıqlamasına görə, idarəyə Kiş kəndi ərazisində qiymətli ağac növlərinin kütləvi şəkildə kəsildiyi barədə məlumat daxil olub. Polis saxlanılanların ağacları kəsib emal etdikdən sonra satdığını iddia edir. Əraziyə baxış zamanı 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb. Ekspertlərin rəyinə görə, kəsilən ağacların bəzilərinin 100-150 yaşı olub.

Daxili İşlər Nazirliyi araşdırmanın davam etdiyini, başqa təqsirli şəxslərin də müəyyən ediləcəyini bildirir. Saxlanılanlar barədə hansı qətimkan tədbirinin seçiləcəyi hələlik bəlli deyil. Nazirlik qanunsuz ağackəsmənin cinayət məsuliyyətinə səbəb ola biləcəyini xatırladıb, belə hallarla qarşılaşan vətəndaşları polisə məlumat verməyə çağırıb.

Fıstıq Böyük Qafqazın cənub yamaclarındakı meşələrin əsas ağac növlərindən biridir. Kiş kəndi Şəki şəhərindən şimalda, meşəlik dağ ətəyində yerləşir və turistlərin çox getdiyi yerlərdəndir. Kənddəki qədim Kiş məbədi muzey kimi fəaliyyət göstərir. Kəsilən hər fıstıq ağacı onilliklər ərzində bərpa olunur, buna görə qanunsuz ağackəsmə meşənin tərkibinə uzunmüddətli zərər vurur.

Leave A Reply