Kiyevdə yaşayış binası vurulub

Rusiya noyabrın 12-nə keçən gecə Ukraynaya raket və dronlarla hücum edib. Kiyev meri Vitali Kliçko “Telegram”da yazıb ki, Rusiya dronu paytaxtın Solomenski rayonunda doqquzmərtəbəli yaşayış binasına dəyib, üçüncü mərtəbədən altıncı mərtəbəyədək yanğın baş verib, beşinci mərtəbə qismən dağılıb. Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, 44 yaşlı qadın ölüb, altı nəfər yaralanıb.

Xerson Vilayət Prokurorluğunun məlumatına görə, Xersonun Korabelni rayonunda Rusiya dronunun zərbəsi nəticəsində ağır yaralanan 58 yaşlı qadın xəstəxanada ölüb. Rivne vilayətinin rəhbəri Aleksandr Koval bildirib ki, vilayətdə energetika obyektləri və yaşayış sektoru vurulub, 160-dan çox yaşayış məntəqəsi elektriksiz qalıb.

Ukraynanın energetika nazirinin birinci müavini Artem Nekrasovun sözlərinə görə, səhər Vinnitsa, Dnepropetrovsk, Jitomir, Zaporojye, Odessa, Rivne, Sumı, Xarkov və Çerkassı vilayətlərində istehlakçıların bir hissəsi elektriksiz qalıb, Poltava vilayətində dörd energetik yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın gecə “İskəndər-M”, KN-23 və S-400 ballistik raketləri, “Sirkon” gəmi əleyhinə raketləri və “Şahed” tipli 123 zərbə dronu işlətdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi isə gecə Ukraynanın hərbi-sənaye və energetika obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Hücum ABŞ prezidentinin nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskvada Vladimir Putinlə görüşəcəyi gün olub.

Leave A Reply