Kilsə hökumətə qarşı

Gürcü Pravoslav Kilsəsinin Mestia və Yuxarı Svaneti metropoliti İlarion (Kitiaşvili) hökuməti milli maraqları qorumamaqda ittiham edib, din xadimlərinin qanunsuz izlənməsi, miqrasiya, qumar və narkotikin yayılması ilə bağlı narahatlığını bildirib. “OC Media”nın yazdığına görə, o, bu fikirləri “Facebook”da yayımladığı açıqlamada Ruisi-Urbnisi metropoliti İobun (Akiaşvili) hökuməti tənqid edən moizəsinə istinadla yazıb.

İlarion yazıb: “Elə vaxtlar olur ki, susmaq təvazökarlıq deyil, məsuliyyətdən yayınmaqdır”. Onun sözlərinə görə, qumar və narkotik asılılığı ailələri dağıdır və ölkəni gələcəyindən məhrum edir. Metropolit gürcülərin daha yaxşı dolanışıq üçün ölkəni tərk etdiyini, torpaq və əmlakın əcnəbilərə satılmasının milli kimliyə təhlükə yaratdığını iddia edib, hökuməti məsuliyyətsiz miqrasiya siyasətinə görə tənqid edib. O, hakimiyyətdən vətəndaşların və din xadimlərinin qanunsuz izlənməsinə son qoymağı tələb edib: “Kilsənin səsini maddi rahatlıq, dövlət maliyyəsi və ya gizli təzyiq mexanizmləri ilə susdurmaq olmaz”.

Ənənəvi olaraq hakim “Gürcü Arzusu” partiyası ilə yaxın münasibətdə olan kilsənin yüksək rütbəli din xadimləri son vaxtlar hökuməti açıq tənqid edir. Oktyabrın sonunda onlar beynəlxalq qumar turnirlərinə vergi güzəştləri verilməsi qərarına etiraz edib, bu barədə onlarla məsləhətləşmə aparılmadığını deyiblər. Metropolit İob bu həftəki moizəsində hakimiyyətin dəyişməsinə çağırıb, “Gürcü Arzusu”nun potensialını “tükəndiyini” deyib və kilsənin dövlət maliyyəsindən asılılığını tənqid edib.

İobun sözlərindən sonra “Gürcü Arzusu”nun üzvləri onu tənqid edib, partiya tərəfdarı Laşa Natsvlişvili isə sosial şəbəkədə metropolitə ünvanlı söyüş yazıb. Gürcü Pravoslav Kilsəsinin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, protoiyerey Andria Cağmaidze noyabrın 12-də bildirib ki, metropolitə ünvanlanan bəzi ifadələr xristian əxlaqından kənara çıxır: “Fikir, hətta tənqid də nəzakətlə və arqumentlə, təhqirsiz bildirilə bilər”.

Leave A Reply