Sofiyanın Kiyevə yardımı dayanır

Bolqarıstanın Baş naziri Rumen Radev noyabrın 13-də Dublində Avropa Siyasi Birliyinin sammitində deyib ki, ölkənin dövlət maliyyəsinin vəziyyətinə görə Bolqarıstan hazırda Ukraynaya maliyyə yardımı verə bilməz. Bolqarıstanın dövlət agentliyi BTA-nın yaydığı, “Deutsche Welle”nin xəbər verdiyi sözlərə görə, Radev bunu Kiyevə yeni Avropa krediti və Sofiyanın ona zəmanət verməsi ilə bağlı müzakirələri şərh edərkən deyib və Aİ-nin Bolqarıstana qarşı həddindən artıq büdcə kəsiri proseduru başlatdığını xatırladıb.

Radev bildirib ki, Sofiya digər Aİ ölkələrinin Ukraynaya maliyyə dəstəyinə mane olmayacaq. Onun sözlərinə görə, Bolqarıstan yalnız vəsait silah alışına yox, humanitar yardıma, enerji təchizatına və tibbi ehtiyaclara yönəldilərsə, iştirakını müzakirə etməyə hazırdır. Radev zəmanətçi olarsa, vəsaitin bir hissəsinin Ukraynadakı bolqar icmasına ayrılmasını tələb edəcəyini də deyib. O, Bolqarıstanın öz ordusunun ehtiyatından Ukraynaya əlavə silah və sursat verməyəcəyini təkrarlayıb.

Radev hələ iyunda parlamentə yazılı cavabında Bolqarıstanın 13 hərbi yardım paketindən sonra imkanlarının həddinə çatdığını bildirmişdi. Müxalifətdəki GERB partiyası və “Demokratik Bolqarıstan” koalisiyası hökuməti xarici siyasətdə qeyri-müəyyənlikdə və Avropa təhlükəsizliyi məsələlərində həddindən artıq ehtiyatlılıqda ittiham edir.

Bolqarıstan Dublin sammitində 39 ölkənin qəbul etdiyi Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında bəyannaməni dəstəkləsə də, onun Rusiyanın Ukraynaya qarşı müharibəsi və sülh danışıqları ilə bağlı preambulasına qeyd-şərt bildirib. Radevin sözlərinə görə, Sofiya bəyannamədə Əbu-Dabi danışıqlarının da xatırlanmasını istəyib.

Leave A Reply