Bakı Avropa sənədlərindən kənarda

Avropa Siyasi Birliyi noyabrın 12-də Dublində 9-cu sammitini keçirib. Sammitdə qəbul olunan üç sənədin heç birinə Azərbaycan qoşulmayıb. Söhbət “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”, miqrasiya haqqında bəyanat və “Narkotiklərə qarşı Avropa Koalisiyası”nın bəyanatından gedir. Sammitdə Azərbaycanı prezident İlham Əliyev təmsil edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə noyabrın 13-də bunu təsdiqləyib. Onun sözlərinə görə, Avropa Siyasi Birliyi qeyri-rəsmi dialoq platformasıdır və Azərbaycan orada fikir mübadiləsi və əməkdaşlıq üçün iştirak edir: “Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”. Nazirlik sənədlərin konkret hansı müddəalarının Bakı üçün məqbul olmadığını açıqlamayıb.

“Meydan TV”nin Fransa Prezident Administrasiyasının dərc etdiyi sənədə istinadla yazdığına görə, təhlükəsizlik bəyannaməsinə 39 Avropa dövləti qoşulub. Sənəddə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü pislənir, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü dəstəklənir. Bəyannamənin dördüncü bəndində demokratiya, qanunun aliliyi, insan hüquqları və media azadlığı Avropa təhlükəsizliyinin əsas elementləri kimi göstərilir. Bu bəyannaməni Ermənistan, Türkiyə, Serbiya və İsveçrə də imzalamayıb, Gürcüstan isə imzalayıb.

Böyük Britaniya, Danimarka və İtaliyanın hazırladığı miqrasiya bəyanatı qanunsuz miqrasiyanın azaldılmasını və qalmaq hüququ olmayan miqrantların mənşə və tranzit ölkələrinə qaytarılmasını nəzərdə tutur. Onu 41 lider və qurum rəhbəri, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze dəstəkləyib. Fransa və İtaliyanın təşəbbüsü ilə yaradılan narkotiklərə qarşı koalisiyanın sənədində isə narkotik ticarəti ilə bağlı şəxslərin aktivlərini hədəfləyən yeni Avropa sanksiya mexanizmi və çirkli pulların yuyulmasına, o cümlədən kriptovalyuta ilə əməliyyatlara qarşı məlumat mübadiləsi alqışlanır.

Bu sənədlər beynəlxalq müqavilə deyil, siyasi bəyanatlardır və imzalayan ölkələr üçün məcburi hüquqi qüvvəsi yoxdur. Azadlıq Radiosu xatırladır ki, Bakı indiyədək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, Əliyev Dublində Volodimir Zelenski ilə də görüşüb. Yerli və beynəlxalq insan haqları təşkilatları isə Azərbaycanda azı 300 siyasi məhbus olduğunu deyir, hakimiyyət bunu qəbul etmir. Əliyev elə həmin sammitdə Böyük Britaniya ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb.

Leave A Reply