Naxçıvanda benzin növbəsi
Naxçıvan Muxtar Respublikasında son günlər yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. “Baku TV”nin məlumatına görə, sakinlər Aİ-92 markalı benzin tapa bilmədikləri üçün daha baha olan Aİ-95 və ya Aİ-98 almağa məcbur qalırlar.
Telekanalın yaydığı məlumatda deyilir ki, Aİ-92 hazırda yalnız az sayda məntəqədə satılır və bu da növbələrə səbəb olur. Bəzi məntəqələrdə dizel yanacağının limitlə satıldığı da iddia edilir. “Azadlıq Radiosu”nun Naxçıvandan hazırladığı reportaja görə, qıtlıq təxminən 20 gündür davam edir: Aİ-92 tapılmır, dizel limitlə satılır, yerli fermerlər isə əkin işlərinin geri qalacağından narahatdır.
“SOCAR Petroleum” isə benzin qıtlığı ilə bağlı yayılan məlumatlara cavab olaraq Naxçıvana yanacaq tədarükündə heç bir azalma və ya gecikmə olmadığını bildirib. Şirkətin sözlərinə görə, benzin muxtar respublikaya tələbata uyğun daşınır, Bakıdan daşımada nə logistik, nə də sistemli problem var.
Ölkənin əsas hissəsi ilə quru sərhədi olmayan Naxçıvan Türkiyə, Ermənistan və İranla həmsərhəddir. “Azadlıq Radiosu”nun xatırlatdığına görə, muxtar respublikada əvvəlki illərdə də ara-sıra benzin qıtlığı və Bakı ilə müqayisədə daha yüksək qiymətlərlə bağlı şikayətlər səslənib.


