AÇG-də hasilat azalması yavaşıyır
bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli noyabrın 19-da jurnalistlərə deyib ki, “Qarabağ” yatağı üzrə yekun investisiya qərarı gələn il qəbul olunacaq. Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatının illik azalma tempi 2023-cü ildəki 12 faizdən hazırda təxminən 3 faizə enib və ilin sonunadək daha da aşağı düşə bilər.
Aslanbəyli bu nəticəni bp və SOCAR-ın tətbiq etdiyi yeni qazma texnologiyaları, süni intellekt və rəqəmsal həllərlə izah edib. Onun sözlərinə görə, büdcə və əməliyyat xərcləri artırılmadan görülən işlərin həcmi xeyli artıb. Noyabrın əvvəlində SOCAR-ın da neft və qaz hasilatının azaldığı bildirilmişdi.
Vitse-prezident bildirib ki, “Qarabağ” yatağının işlənməsi üçün Bəndovan sahəsində tikinti meydançası üzrə icazələr və torpaq sahəsinin ayrılması ilə bağlı hazırlıq gedir. Yatağın ehtiyatı AÇG-dən az olduğu üçün layihənin kommersiya cəlbediciliyini qorumaq məqsədilə xərclərin azaldılması vacibdir: layihədə neft, qaz boruları və elektrik kabellərinin quruda 7 kilometrlik dəstə şəklində hazırlanıb dənizə daşınması texnologiyası tətbiq ediləcək.


