İki nəfər xaricdən gətirilib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xaricdə “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD-Xorasan) terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə ittiham etdiyi iki Azərbaycan vətəndaşının saxlanılaraq ölkəyə gətirildiyini açıqlayıb. Xidmətin noyabrın 20-də yaydığı məlumata görə, hər ikisi barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.
DTX-nin iddiasına görə, Yunus Abdurahmanov 2025-ci il noyabrın 15-də xarici ölkəyə gedərək İŞİD-Xorasan qruplaşmasına qoşulub, dağlıq ərazidə mağara tipli gizli düşərgədə yerləşdirilib, odlu silah və döyüş sursatı ilə təchiz olunaraq terror-təxribat aktları üçün hərbi təlimlərdə iştirak edib. Xidmət onun “xüsusi əməliyyat tədbirləri ilə” ələ keçirildiyini bildirib, lakin bunun harada baş verdiyini açıqlamayıb.
DTX-nin məlumatına görə, qruplaşmanın digər üzvü olduğu deyilən Abdulla Həsənbəyov xarici dövlətin hökumət qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək niyyəti ilə xaricə gedib və Azərbaycanın verdiyi məlumat əsasında həmin ölkənin təhlükəsizlik orqanları ilə birgə əməliyyatda gizli marşrutla hərəkət edərkən saxlanılıb.
Abdurahmanova Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycandan kənarda silahlı birləşmələrin və ya qrupların fəaliyyətində iştirak), Həsənbəyova isə 29 və 283-1.3-cü maddələri (həmin cinayətə cəhd) ilə ittiham irəli sürülüb. Təqsirləndirilənlərin və onların vəkillərinin mövqeyi məlum deyil. DTX istintaqın davam etdiyini bildirib.


