Oman körfəzində “Huda” gəmisi vuruldu
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, noyabrın 7-də Amerika hərbi təyyarəsi Oman körfəzində Sent-Kits və Nevis bayrağı altında üzən “Huda” yük gəmisini vurub. Komandanlığın sözlərinə görə, İran limanına girdikdən sonra regiondan çıxmağa çalışan gəminin heyəti təkrar xəbərdarlıqlara məhəl qoymayıb və blokadanı bir neçə dəfə pozmağa cəhd edib. Heyətdən müvafiq bölmələri tərk etməsi tələb olunub, sonra gəminin arxa hissəsinə yüksək dəqiqlikli sursat atılıb və gəmi hərəkətsiz qalıb.
CENTCOM-un məlumatına görə, iyuldan bəri ABŞ qüvvələri 147 ticarət gəmisinin yolunu dəyişdirib, tələblərə əməl etməyən beş gəmini sıradan çıxarıb. Komandanlıq həmçinin SEPAH-ın “kölgə şəbəkəsi” çərçivəsində işlədiyini dediyi daha 10 İran neft tankerini məhv etdiyini iddia edir.
SEPAH-ın sözçüsü, briqada generalı Hüseyn Möhibbi Tehranda mətbuat konfransında korpusun ballistik raketlərin uçuş məsafəsinə özünün qoyduğu 2 000 kilometrlik həddi götürdüyünü deyib. “The Associated Press” agentliyinin yazdığına görə, bu açıqlama İranın ali lideri Müctəba Xameneinin ABŞ və ya İsraildən gələn istənilən təhdidə coğrafi məhdudiyyət olmadan cavab veriləcəyini bildirməsindən bir neçə gün sonra səslənib. Agentliyə görə, İranda 2 000 kilometrdən uzağa uça bilən raketlərin olması barədə hazırda məlumat yoxdur, amma ABŞ rəsmiləri İranın kosmik proqramındakı texnologiyaların qitələrarası raket üçün uyğunlaşdırıla biləcəyini iddia edir.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə Hörmüz boğazında iki neft tankerinin icazəsiz marşrutla keçməyə çalışarkən minaya düşdüyünü və yandığını iddia edib. Korpusun sözlərinə görə, tankerlər naviqasiya və identifikasiya sistemlərini söndürüb, ABŞ da onların bu marşrutlardan istifadəsinə dəstək verib. Vaşinqton isə minaların təmizləndiyini deyir.
İranın dövlət mediası noyabrın 8-nə keçən gecə Qeşm adasında, həmçinin Cask, Sirik və Bəndər-Abbas şəhərlərində partlayışlar olduğunu yazıb. “Tasnim” agentliyi Qeşmdə iki partlayış eşidildiyini, hələlik dağıntı qeydə alınmadığını bildirir. Partlayışların səbəbi açıqlanmayıb. Bundan bir gün əvvəl CENTCOM İrana quru sərhədləri və Xəzər dənizi ilə silah daşınmasının qarşısını almaq üçün “Dəmir Qapı” adlı işçi qrupu yaratdığını elan etmişdi.


