ABŞ-İran gərginliyi

ABŞ rəsmiləri Azadlıq Radiosunun ingilisdilli xidmətinə (RFE/RL) təsdiqləyib ki, noyabrın 2-də İranın Hörmüz boğazının girişində yerləşən Qeşm adasına məhdud zərbələr endirilib. Onların sözlərinə görə, zərbələr ABŞ təyyarəsinə açılan atəşə cavabdır. İranın İRNA agentliyi adada ən azı beş partlayış səsi eşidildiyini, sakinlərin səmada iki təyyarə gördüyünü yazıb. ABŞ Mərkəzi Komandanlığı və Tehran hələlik rəsmi açıqlama verməyib.

“The Wall Street Journal” ABŞ rəsmilərinə istinadla yazır ki, bu, son həftələrdə ictimaiyyətə açıqlanmayan məhdud zərbələr seriyasının bir hissəsidir və kampaniya böyük döyüşlərə qayıdış siqnalı verməmək üçün gizli saxlanılır. “Axios” isə ABŞ rəsmisinə istinadla İranın raket buraxılış qurğusunun məhv edildiyini yazıb. İran İnqilab Keşikçiləri Korpusu həmin gün MQ-9 dronunu vurduğunu, iki ABŞ kəşfiyyat dronunu ələ keçirdiyini iddia edib.

Zərbədən bir neçə saat əvvəl jurnalistlər Donald Trampdan seçkidən sonra İrana zərbə endirməyi düşünüb-düşünmədiyini soruşub, o, “yox” deyib. Lakin həmin axşam “Fox News”a danışan Tramp ehtimal olunan nüvə obyekti olan Pickaxe dağını nəzərdə tutaraq “getməli ola bilərik” deyib, bunun “bir saatlıq” iş olduğunu bildirib. Vitse-prezident Cey Di Vens danışıqlarda irəliləyiş olduğunu deyir, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə “top ABŞ-nin meydanındadır” deyib.

İran parlamentinin deputatı Mənuçöhr Müttəqi “Tabnak” saytına deyib ki, yeni hücum olarsa, İran ABŞ-nin Avropadakı bazalarını vura bilər. Bu, deputatın sözüdür, Tehran hökuməti belə açıqlama verməyib.

Gərginlik Azərbaycan büdcəsinə də birbaşa təsir edir. Tramp sülh ehtimalı ilə neftin ucuzlaşmasını əlaqələndirdikdən sonra “Azeri Light” markalı Azərbaycan neftinin bareli bir gündə 9,66 dollar, yəni 7,65 faiz ucuzlaşaraq 116,5 dollara düşüb. 2026-cı il büdcəsi 65 dollarlıq neft qiymətinə əsaslanır.

Leave A Reply