Sentyabrın 1-dən Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra durumunun müzakirəsinə başlanılacaq.

Aihmaz.org yazır ki, sayca 1377-ci toplantı 3 gün davam edəcək. Sözügedən toplantının 1-ci mərhələsi iyun ayında pandemiyaya görə yazılı baş tutub.

Ümumilikdə 19 qrupun işi müzakirə ediləcək və yekunda həmin qruplara daxil olan 100-dən artıq hökmün icra durumu ilə bağlı qərarı açıqlanacaq.

Hansı ölkələrlə bağlı qərarlar müzakirə ediləcək: Azərbaycan, Bolqarıstan, Yunanıstan, Macarıstan, Litva, Polşa, Rusiya, Serbiya, Ukrayna, Türkiyə və Böyük Britaniya.

Azərbaycandan kimlərlə bağlı qərarların icrası müzakirə olunacaq: İlqar Məmmədov, Mahirə Muradova, Sərdar Cəlaloğlu, Mikayıl Məmmədov qruplarına daxil olan qərarların icrası müzakirə olunacaq işlər arasındadır.

Bu qruplara hansı qərarlar daxildir? 

İlqar Məmmədov işi: Bu qrupda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar İlqar Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, İntiqam Əliyev, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlıdır. AİHM ərizəçilərin 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlı hüquq pozuntusunu tanıyıb.

Sərdar Cəlaloğlu kimdir: Azərbaycan Demokrat Partiyasının (ADP) sədridir. Azərbaycan hökuməti onunla bağlı Avropa Məhkəməsinin çıxardığı 4 qərarı hələ də yerinə yetirməyib. Onun barədə çıxarılan qərarlar işgəncə, 2 parlament seçkisi və qeyri-qanuni həbsdən verilən şikayətlərlə bağlıdır.

Mahirə Muradova kimdir: 2003-cü ildəki prezident seçkiləri zamanı baş vermiş qarşıdurmada gözündən və bədəninin müxtəlif yerlərindən zədələnən şəxslərdən biridir.

Mikayıl Məmmədov kimdir: Qubadlıdan olan məcburi köçkün Sumqayıtda müvəqqəti məskunlaşıb. 2004-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları və bir neçə polis məhkəmə qərarı olmadan ərizəçinin yaşadığı ünvana gələrək onları çıxarmaq istəyiblər. Bu zaman M.Məmmədovun həyat yoldaşı Çiçək Məmmədova buna etiraz edərək öz üzərinə kerosin töküb yandırıb. Ç.Məmmədova aldığı yanıq xəsartindən vəfat edib.

Yekun qərar nə vaxt açıqlanacaq və nəzarət necə olacaq: Toplantı başa çatandan sonrakı günlərdə Avropa Şurası Nazirlər Komitəsinin qərarı açıqlanacaq. Qərarların icrasına nəzarət isə aidiyyatı rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi məlumatlara əsaslanacaq.
Mənbə: Mikroskop Media

Leave A Reply